24.04.2025, 18:02
AZ EN
28.09.2022, 19:19 193

Ata və oğul eyni cəbhədə yaralanıblar...

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı əzm və iradəni, eləcə də qətiyyəti bütün dünyaya göstərdi. Dövlətlə xalqın vəhdəti müharibənin taleyini həll etdi. Bu savaşda Azərbaycanın zabit və əsgərləri “Öldü var, döndü yoxdur!” şüarı ilə ölümün üstünə getdilər, düşməni darmadağın etdilər, şəhidlik zirvəsinə ucaldılar, qazi oldular.

Bununla əlaqədar olaraq qazilərimizlə görüşüb onların fikirlərini öyrənməyə çalışdıq. Bakının Qaradağ rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qobu Park 2”də yaşayış kompleksinin sakini Həsən Müzəffərli 13 mart 1999-cu ildə anadan olub. Əslən Xocalıdandır. Valideynləri məcburi köçkün kimi Bakı şəhərinin Yasamal rayonunda müvəqqəti məskunlaşıblar.

Həsən 2005-2017-ci illərdə 19 saylı Laçın məktəbində oxuyub. 2017-ci ilin aprelində hərbi xidmətə çağırılıb və 2019-cu ildə xidmətini başa çatdırıb. 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlimlərə qoşulub. Vətən müharibəsi başlananda Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Hərbçi dostları ilə birlikdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub, 2020 -ci il19 oktyabrında Suqovuşan uğrunda gedən döyüşdə yaralanıb, hərbi hospitala göndərilib.

Cəsurluğuna və igidliyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad edilməsinə görə», “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Hazırda Prezident təqaüdü alan Həsən Müzəffərli dövlətimiz və Ali Baş Komandanımız İlham Əliyevə öz dərin təşəkkürlərini bildirdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Həsənin atası Ələddin Müzəffərov Birinci Qarabağ müharibəsinin qazisidir. Həyatın təsadüflərindən biri kimi o da məhz Suqovuşanda yaralanıb, döyüş yolunu qazi kimi başa çatdırıb.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. 

İsa MUSAYEV

Oxşar xəbərlər