19.06.2025, 21:37
AZ EN
19.06.2025, 15:48 127

İşğaldan azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanır

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzurun irimiqyaslı səhralaşma xəritəsi tərtib edilib. Həmin xəritədə göstərmişik ki, Qarabağın hansı regionları ciddi səhralaşma təhlükəsi ilə üz-üzədir və hansı ərazilərdə proses zəif, orta və yüksək dərəcədə gedir. Belə məlum olur ki, Kiçik Qafqazın cənub-şərq, Qarabağ silsiləsinin cənub-şərq və şərq yamacları, Həkəriçay hövzəsi, Araz sahilinə qədər olan ərazilər ciddi səhralaşma təhlükəsi altında olan ərazilərdir. Orada həyata keçirilən tədbirlər mütləq ekosistemin özünü bərpa edə bilməsinə fokuslanmalıdır. Azad edilmiş ərazilərdə suvarma imkanı olan torpaqlarda səhralaşmanın qarşısını almaq asandır. Elə yer var ki, orada artıq prosesin qarşısını almaq mümkün deyil. Bəzi ərazilərdə dik yamaclarda bedlendlər, yəni, yararsız səhra torpağı əmələ gəlib.

Bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

“Qarabağ və Şərqi Zəngəzurun 1984-cü ildən etibarən kosmik şəkilləri var. 1990-cı ilə qədər olan və ondan sonrakı şəkillərin müqayisəsi adamı dəhşətə gətirir. Ağdamda vaxtilə işğalda olan və işğal edilməmiş ərazilərin müqayisəsini apardıq. Çox dəhşətli mənzərə üzə çıxdı. İşğal altında olan ərazilərdə demək olar ki, heç nə yoxdur. Bir-iki ərazidə yaşıllıq yaranmışdı ki, həmin ərazilərdə də ermənilər vaxtilə taxıl əkmişlər. Hazırda bu barədə faktlar əsasında məqalə hazırlayıb beynəlxalq reytinqli jurnallara göndərmişik və qəbul olunub. Bu da səhralaşmadır və ekosistemin bərpası üçün dövlət nə qədər xərc çəkməlidir. Azad edilmiş ərazilərdə işğal dövründə təbiət abidələri xüsusilə də çinar ağacları məhv edilib. Zəngilanda ermənilərin yaşadığı yerlərdə qalan ağaclar da baxımsız, mebel istehsalına yararlı olmayan ağaclar idi. Mebelə yararlı olan ağacları ya yandırmışdılar, ya da kəsmişdilər. Ötən il azad edilmiş ərazilərdən torpaq, süxur, bitki nümunələri götürüb, geokimyəvi tədqiqat apardıq. Bəzi yerlərdə anomal vəziyyətlər müşahidə etdik. Bu il də həmin ərazilərdən nümunə götürüb, analizlər aparacağıq. Əgər nəticələr təkrarlanarsa, deməli, vəziyyət yaxşı deyil. Həmin ərazilər minalardan təmizlənib. Bəzən partladılaraq zərərsizləşdirmə işləri aparılıb. Mina partlayışları torpağa müəyyən təsirlər göstərə, ona müəyyən zəhərli elementlər, ağır metallar keçirə bilir. Bu il də Qarabağ və Şərqi Zəngəzura elmi-tədqiqat məqsədilə səfərlərimiz olacaq. Analiz götürüb, təhlil edəcək və müəyyən nəticələr çıxaracağıq. Azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanmaqdadır. Həmin istiqamətdə xeyli işi görülüb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun ekoloji xəritəsini hazırlamışıq. Bunu da qeyd etmək yerinə düşər ki, azad edilmiş ərazilərdə görülən işləri idarə etmək üçün onun ekosistemi, ekoloji şəbəkəsi hazır olmalıdır”, - deyə M.İsmayılov qeyd edib.

Coğrafiya İnstitutunun şöbə müdiri M. İsmayılovun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz. (AZƏRTAC)

Oxşar xəbərlər