“Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi “Böyük Qayıdış proqramına cəlb ediləcək məcburi köçkün qadınlarının vətəndaş təşəbbüslərinin artırılması” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
İcra müddəti 2022-ci ilin fevral-may aylarına təsadüf edən layihənin məqsədi məcburi köçkün ailələrindən olan gənc xanımların sosial fəallığını artırmaq və bununla da onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə nail olmaqdır. Layihənin hədəf qrupunu keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarından didərgin düşmüş və əsasən Bakıda müvəqqəti məskunlaşmış, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlara qayıdacaq məcburi köçkün qadın və gənc qızlar təşkil edir.
Əsasən Bakı şəhərində keçirilməsi planlaşdırılan layihə çərçivəsində qaçqın və məcburi köçkün qadınlarının hüquq və azadlıqları sahəsində mövcud vəziyyətə nəzər salınacaq, əhalinin bu qrupu üçün aktual olan məsələlər barədə nəzəri biliklər sistemləşdiriləcək və onlar əsasında hədəf qrupları üçün seminarlar təşkil olunacaqdır. Maarifləndirici seminarlarda fəal iştirak edən şəxslərin dəstəyi ilə onların yaşadıqları icmalarda İcma Fəal Qrupların yaradılması üçün səylər səfərbər ediləcək və bu əsasda qaçqın və məcburi köçkün qadınların şəbəkələrini yaradaraq onların maraqlarına cavab verən məsələlərin aidiyyəti qurumlar qarşısında qaldırılması istiqamətində təşəbbüslər irəli sürüləcək.
Son nəticədə gözlənilir ki, layihə fəaliyyətlərinə cəlb olunmuş bir qrup məcburi köçkün qadın və gənc qızların sosial fəallığı artacaq, onların təmsil olunduqları icmalarda vətəndaş təşəbbüslərinin miqyası genişlənəcək və işğaldan azad olunmuş torpaqlara qayıdış baş verdikdə həmin ərazilərdə yerli icmaların potensiallarının səfərbər edilməsi üçün yeni imkanlar yaradılacaq. Layihədən faydalanacaq şəxslər onun icrası nəticəsində qazandıqları bacarıqları məcburi köçkün icmalarının digər üzvləri olan qadın və qızlar arasında bölüşəcəklər ki, bu da həmin icmada yaşayan insanların sosial fəallığının daha da yüksəlməsinə səbəb olacaqdır.
Layihə fəaliyyətləri əhalinin həssas qrupları ilə bağlı olduğu üçün bütün işlər Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəkdir.