Həyat yoldaşı deyir ki, sentyabrın 30-da mənə zəng elədi və çox danışdı. Sonda dedi ki, bilirəm, mən şəhid olacam. Fikirləş ki, şəhid olmuşam, gör necə gözəldi, necə böyük zirvədi... Oktybrın 1-də böyük qızım məktəbə getdi. Balaca isə dumadan “ata” deyib ağlayırdı. Sadiq oktyabrın 2-də yaralanıb, şəhid olmuşdu, bizə ayın 4-də dedilər...
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarından biri də Sadiq Mübariz oğlu Məmmədovdur. Şəhidimizin bu gün doğum günüdü. O, 1991-ci ilin avqust ayının 15-də Siyəzən şəhərində anadan olub. 2009-ci ildə şəhər 2 saylı tam orta məktəbini bitirib. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Sadiq hərbi xidmətini başa vurduqdan sonra müxtəlif yerlərdə çalışıb. 2020-ci ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başlayıb.
Azərbaycan Ordusunun çavuşu olan Sadiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş zamanı düşmənin 4 mövqeyini, rabitə maşınını, rabitə qülləsini məhv edib. Sadiq top komandiri idi. O, neçə əsgərimizin həyatını xilas edərək igid döyüşçü kimi düşmənin canlı qüvvəsini məhv eləmişdi.
Sadiq Məmmədov oktyabrın 2-də qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məmmədov Sadiq Mübariz oğlu ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD