02.08.2025, 04:39
AZ EN
01.08.2025, 10:02 228

Cənnətdəki doğum günün mübarək...

XƏBƏRLƏR
  • Rəfail ağıllı, tərbiyəli və savadlı uşaq olub, sinif yoldaşları deyirlər ki, müəllimləri onu çox istəyirdilər. Rəfaili körpəliyindən əmisi saxlayıb. Atası deyir ki, qardaşının oğlu olmadığından böyüklərin məsləhəti ilə Rəfaili doğulan kimi ona oğulluğa verib. Uşağın 9 yaşı olanda əmisi vəfat edib. Ancaq Rəfail yenə də əmisinin evində böyüyüb. Onu hərbi xidmətə də ana əvəzi bibisi yola salıb...  

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rəfail İldam oğlu Şeydayevin doğum günüdür. O, 1 avqust 2000-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub. Rəfail doğma kənddə orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanmışdı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Rəfail Şeydayev ordumuzun əsgər idi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Şanlı Vətən Müharibəsində bir əsgər kimi Rəfail də döyüşlərə qatılıb.

7 oktyabr 2020-ci ildə Rəfail Şeydayev Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma kəndlərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəfail Şeydayev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəfail balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər