16.12.2025, 23:42
AZ EN
24.07.2025, 09:35 465

Bu gün şəhid Sahil Rəsulovun doğum günüdür

XƏBƏRLƏR
  • Sahil hərbi xidmətini başa vurduqdan sonra yenə də Vətənə xidmət etməyi seçmişdi. Vətən müharibəsi başlayanda Sahil kiçik komandir kimi döyüşlərə atıldı və düşmənə qan udduran oğullardan biri oldu. Anası deyir ki, balamın qanı yerdə qalmadı. Təsəllimiz odur ki, illərlə işğalda qalan torpaqlarımız düşməndən azad olundu. Vətən sağ olsun...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Sahil Sərvan oğlu Rəsulovun doğum günüdür. O, 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sahil Rəsulov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olub. Sahil Rəsulov 2020-ci ilin yayından qulluq etdiyi hərbi hissədə müddətdən artıq Vətənə xidmətə başlamışdı.

Azərbaycan Ordusunun əsgəri olan Sahil Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kiçik komandir kimi iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.

Sahil Rəsulov Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 11 oktyabr 2020-ci ildə Goranboy rayonunun Səfikürd kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sahil Sərvan oğlu Rəsulov ölümündən sonra "Vətən uğrunda","Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər