Vətənini, torpağını, millətini sevən oğullar əsla öz həyatlarını düşünmürlər. Hələ o Vətən torpağı işğaldaysa...
Belə oğullar Vətənin xilası üçün hər cür fədakarlığa sinə gərməyə hazır olurlar.
Ana müüəddəsdir Vətən kimi, amma belə oğullar üçün öncə Vətən gəlir. Ata, qardaş, bacı, hətta övlad belə geridə qalır Vətənə lazım olduğunda....
O da Doğmalarını, canından çox sevdiyi anasını geridə qoyub Vətənin harayına qaçmışdı. Qəlbində böyük sevinc və qürur hissi var idi: "Bu dəfə olacaq, qalib gələcəyik"-, deyirdi öz-özünə...
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin qəhrəmanlarından biri də Feyruzdur.
Feyruz İslam oğlu Tarverdiyev 1996-cı il iyulun 22-də Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin yanvarında tərxis olub. Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb.
İgidimiz noyabrın 6-da
Xocavənd istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi noyabrın 30-da Sığırlı kəndinı gətirilərək kənd qəbiristanlığında böyük ehtiram və izdihamla dəfn olunub.
Anası Tarverdiyeva Məhbubə xanım deyir ki, Feyruz 3 oğlumun kiçiyi, sonbeşiyim idi. Feyruz 2015-ci ilin oktyabrında Tərtərə hərbi xidmətə yola düşdü: "O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, yaralanmışdı. Hərbidən gələndən sonra da işləyirdi. 2020-ci ilin entyabrında rayon hərbi komissarlığından Feyruza çağırış gəldi. İlk əvvəl Ağcabədiyə təlimə apardılar, sonra isə müharibəyə yollandı. Həftədə bir dəfə danışırdı ki, ana, narahat olma yaxşıyam. Sonuncu dəfə oktyabrın 26-da danışdıq. 10 gün keçdi, Feyruzdan nə zəng gəldi, nə xəbər. Komandirinə də zəng çatmırdı. Sən demə, Xocavənddə döyüşdə bölüyün komandiri də, əsgərləri də şəhid olubmuşlar. Nəşi noyabrın sonunda tapıldı, dəfn etdik. Balam Vətən üçün, torpaq üçün, bizim üçün Şəhid oldu".
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Feyruz Tarverdiyev ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ