Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əliyev Elşən Novruz oğlunun doğum günüdür. O, 1986-cı il yanvarın 22-də Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. Elşən 1993-cü ildə Beyləqan rayonu Yuxarı Aran kənd S.Mehdiyev adına tam orta məktəbində 1-ci sinfə gedib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini şərəflə başa vurub.
Azərbaycan Ordusunun əsgəri olan Əliyev Elşən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib. Düşmən tapdağında olan bir sıra ərazilərimizin azadlığı uğrunda mərdliklə vuruşub.
Qəhrəman döyüşçü oktyabrın 6-da Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 19 oktyabrda Beyləqan rayonu Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, onun bir qız övladı Vətənə əmanət qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD