Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Aparatın əməkdaşları, ərazi üzrə icra nümayəndələri və aidiyyəti idarə rəhbərləri iştirak ediblər.
Tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq, çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqi və insan hüquqlarının təmininin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmuşdur. Rayon rəsmisinin çıxışında ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlər, eyni zamanda, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilmiş, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin yüksək əhəmiyyətindən geniş bəhs olunaraq rayonda bu sahədə xeyli işlər görüldüyü diqqətə çatdırılmışdır.
Çıxış edən digər natiqlər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün islahatların xalqımızın maddi rifahının yaxşılaşdırılmasına xidmət etməklə yanaşı hər bir vətəndaşın hüququnun yüksək səviyyədə müdafiəsinə zəmin yaratdığını qeyd edərək dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda insan hüquqlarının qorunması məsələsində hər bir vətəndaşı fəal və həmrəy olmağa səsləmişlər.
Hazırladı: Mina RƏŞİD