08.09.2024, 07:56
AZ EN
22.05.2023, 09:02 128

Ruhun şad olsun, Şəhidim!

XƏBƏRLƏR
  • Ramil Adəm oğlu Yusif-zadə 1998-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakının Mərdəkan qəsəbəsindəki S.Rüstəmov adına 3 sayılı gimnaziyanı bitirib. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2019-cu ildə ali məktəbi bitirən Ramil Qazax rayonuna həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il Vətən Müharibəsi başlayanda Ramil bir əsgər kimi cəbhənin Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.

Atası deyir ki, Ramillə son danışığımız oktyabrın 12-də olub. “Ata, narahat olma, Füzulidəyik, döyüşlər gedir. Elə yerdəyik ki, işıq yoxdur, telefonum sönəcək” deyib. Son sözü “Ata, haqqını halal elə, anama bunları demə” olub. “Oktyabrın 15-i oğlumu yuxuda gördüm, məndən kömək istəyirdi. “Ata, məni gəl buradan çıxart” deyirdi. Mən artıq oğlumu itirdiyimi anlamışdım. Ramildən danışacaq sözlərim çoxdur, amma, danışa bilmirəm”.

Ramil Yusif-zadə ailəsinə hər zaman kömək olub. Xidmətə gedənə qədər 5 müəsissədə çalışıb.

Tabor komandirinin müavini Asim Quliyev: “Döyüş sahəsinə daxil olub, düşmən müdafiəsini yardıqdan sonra Ramil yaralandı. Buna baxmayaraq, döyüşməkdə davam edirdi. 2-ci dəfə Ramil ayağından ağır yaralandı. İlkin tibbi yardım göstərdik, amma yenə irəli getmək, döyüşə davam etmək istəyirdi. Bir müddət sonra düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində Ramil qəhrəmancasına şəhid oldu. Birgə vuruşduğumuz döyüşdə sadəcə 6 əsgər sağ qaldı”.

Atası Adəm Yusifzadə: “Noyabrın 2-si yoldaşım dözə bilmədi, hərbi hissəyə getdi. O gedəndən sonra Ramilin itkin düşdüyünü öyrəndik. Reyhan bütün hospitalları gəzmiş, amma, heç bir şey əldə etməyərək geri qayıtmışdı”.

Atası deyir ki, Ramil şəhid olmuşdu, amma nəşi tapılmırdı. Müharibə bitdikdən sonra axtarış aparılıb və Ramilin cəsədini çətinliklə də olsa, tapmaq mümkün olub. “Oğlum son mənzilə düşmən səngərini ələ keçirərək, yollanıb”. 

Ata oğlunu barmağındakı izdən tanıyıb. 

“Sevincim onda oldu ki, müharibə bitdi və mən oğlumun nəşini tapdım”. 

Ramil 2 gün döyüşdə olduğu müddətdə təxminən 20 erməni qəsbkarını öldürmüşdü…

Ölümündən sonra Yusif-zadə Ramil Adəm oğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün Vətən Müharibəsində şücaətlər göstərərək adını Zəfər tarixinə qızıl hərflərlə yazan şəhid əsgər Ramil Yusif-zadənin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər