Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Balaş Namiq oğlu Cəfərovun doğum günüdür. O, 18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olub. Qəsəbədə orta məktəbi bitirdikdən sonra 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Balaş Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Uzun müddət şəhidimizin nəşi tapılmayıb. Nəhayət Balaş Cəfərovun nəşi tapılaraq 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Balaş Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Balaş balamız!
Mina RƏŞİD