Muraz həmişə tələsirdi, müharibəyə 2-3 gün qalmış evə zəg edib çantasını hazırlamağı xahiş etmişdi. Ancaq onu gəlib aparmağa vaxtı olmamışdı. O döyüşməyə, düşmən üzərinə getməyə can atırdı. Vuruşanda da özünü unudaraq mərdi-mərdanə düşmən üzərinə elə ürəklə getmişdi ki, snayper gülləsinin qurbanı olmasaydı hələ çox şücaətlər göstərəcəkdi. Muraz Vətən müharibəsinin ilk günündə, o həlledici məqamlarda düşmənin qurduğu səddi darmadağın edərək yoldaşları ilə iki postu alandan sonra şəhadətə yüksəldi. Ancaq onun arzusu Şuşaya qədər gedib çıxmaq və oradan şad xəbəri doğmalarına ötürmək idi. Muraz bu arzusuna çatmasa da, adını Vətənin şanlı tarixinə yazmağı bacardı. Dayısı, Birinci Qarabağ Müharibəsində vuruşub Milli qəhrəman adına layiq görülən Fariz Bədəlov kimi oğulların da arzusunu həyata keçirən igidlərdən oldu.
İndi doğmaları onunla qürur duyurlar. Atası deyir ki, oğlum kişi kimi vuruşub, torpaqlarımızı azad edən mərd oğullardan biridir. Onunla fəxr edirəm.
Anası bildirir ki, Murazın sevdiyi vardı, tezliklə elçi gedəcəkdik. Onunla birgə mənim də arzularım yarımçıq qaldı. Ancaq neyləmək olar, təki Vətən sağ olsun...
Bu gün doğum günü olan şəhidimiz, müddətdən artıq hərbi qulluqçu Məhərli Muraz Baxışəli oğlu 1993-cü il dekabrın 21-də Yevlax rayonunun Salahlı kəndində anadan olub.Yevlax rayonunun Salahlı kənd tam orta məktəbində təhsil alıb. Məzun olduqdan sonra Bakıda N saylı hərbi hissədə Vətənə xidmət edib.
O, 2016-cı ildən MAXE kimi Zaqatala Daxili Qoşunlarında 3 il Vətənə qulluq edib. 3 illik müqaviləsi bitdikdən sonra Yevlax rayonunun N saylı hərbi hissəsində hərbi xidmətini davam etdirib. Bir il yarım hərbi hissədə qulluqdan sonra, II Qarabağ müharibəsinə yollanıb.
Azərbaycan Ordusunun igid əsgəri olan Muraz Məhərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Çaylı kənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günüdə yoldaşları ilə birgə iki düşmən postunu aldıqdan sonra düşmən tərəfindən snayperlə sinəsindən yaralanaraq qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdihamla dünyaya göz açdığı Yevlax rayonunun Salahlı kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Muraz Məhərli ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD