17.01.2026, 20:44
AZ EN
29.12.2025, 09:28 215

Başınızı uca edəcəm...

XƏBƏRLƏR
  • Ələsgərin uşaqlıqdan  hərbi geyimdən xoşu gəlirdi. Mən şəhid olacam, deyirdi, başınızı uca edəcəm. Bunu əsgər olanda da məktubunda anasına yazmışdı. Ələsgər xüsusi təyinatlı əsgər oldu və Şuşa uğrunda qəhrəmancasına şəhadətə ucaldı...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ələsgər Elxan oğlu Cavadovun doğum günüdür. O, 29 dekabr 2000-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda dünyaya göz açıb. 2007-ci ildə Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktədə təhsil alıb. Ələsgər kickboks idman növü ilə  məşğul olub. Ələsgər Cavadov 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Əvvəlcə Gəncədə qulluq edən əsgər, sonra Cəlilabad rayonunun Xüsusi Təyinatlı Taborunda xidmətini davam etdirib.

44 günlük Vətən müharibəsi başlayanda Ələsgər Cavadov da bir əsgər kimi silaha sarılıb. Murovdağ istiqamətindən döyüşlərə başlayan Ələsgər  Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda da mərdliklə vuruşub. Ələsgər Cavadov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 2020-ci il noyabr ayının 11-də Binəqədi qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ələsgər Cavadov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ələsgər balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər