Jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu kitab peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan hərbi jurnalist Məhərrəm İbrahimovun ömür yoluna həsr olunub.
Qeyd edilib ki, kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs olunub.
İkinci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.
Kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov kitab haqqında təəssüratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlarını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışıb.
Deputat Rizvan Nəbiyev söyləyib ki, mina terroru təkcə insanların həyatına deyil, mədəni irs, ətraf üçün də ciddi təhlükədir: "Kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir. O əlavə edib ki, bu gün Azərbaycan əsasən öz vəsaiti hesabına minatəmizləmə işlərinin öhdəsindən gəlir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Siracın (Sirac Abışov, Azərbaycan Televiziyasının operatoru - red.) faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirdi: "Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir".
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: "Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb.
"Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var", - o vurğulayıb.
Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir.
Deputat Pərvin Kərimzadə isə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: "Kitabda sonuncu bir şəkil var: Məhərrəmin iki övladı gözlərini yerə dikərək boynubükük durublar. Bu körpələr indi anlamaya bilərlər, amma bir gün necə qəhrəman insanın övladı olduqlarını başa düşəcəklər".
"Real TV"nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: "Mən çox xahiş edirəm ki, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitab Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara göndərilsin".
"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir.
Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib. (Report)