28.03.2024, 13:16
AZ EN
05.10.2022, 09:45 307

Bayramınız mübarək, əziz müllimlər!

XƏBƏRLƏR

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Görəsən, elə insan varmı ki, onun qəlbində bir müəllimin işıqlı obrazı olmasın, ömrünün sonuna qədər həmin insanın xoş siması xəyalında canlanmasın? Heç yadımdan çıxmaz, ana balaca oğluna sual verir ki, müəllimi çox istəyirsən, yoxsa ananı. Uşaq heç düşünmədən müəllimi daha çox istədiyini deyir. Ana əvvəlcə bu cavabdan tutulsa da, sonra gülümsəyir. Başa düşür ki, müəllimini sevən uşaq məktəbi, kitabı, elmi də sevəcək. Hamımız şahidik ki, uşaq bəzən dərslərini çox istədiyi müəlliminə görə oxuyur. Axı uşaq qəlbi çox həssas olur, onun mehribanlığa, şəfqətə böyük ehtiyacı var. Ona görə doğru deyirlər ki, müəllim ikinci anadır. Öz işinin məsuliyyətini dərk edən müəllim dərs dediyi hər bir şagirdə fərdi yanaşır, necə deyərlər, uşaqların qəlbinə yol tapır. Bu əziz gündə biz də gözəl pedaqoji kollektivi olan Laçın şəhər 1 saylı tam orta məktəbinə üz tutub direktor Vəfa İsmayılova ilə söhbətləşdik. Direktorla söhbətimizdən öyrəndik ki, Laçın şəhər 1 saylı tam orta məktəb 1931-ci ildə yaradılıb. 1992-ci ildə Laçın rayonunun işğalından sonra Xırdalan şəhərində fəaliyyətə başlayıb. Hazırda Xırdalan Şəhər 3 saylı tam orta məktəbin nəzdində olan son illərdə istifadəyə verilmiş korpusların birində fəaliyyət göstərir. Məktəbdə hal-hazırda 147 şagird təhsil alır. Onların əksəriyyəti əslən Laçın rayonundandır. Bu təhsil ocağında şagirdlərin təlim- tərbiyəsi ilə 26 müəllim məşğul olur. Hər il olduğu kimi bu il də məktəbin məzunlarından ali məktəbə qəbul olunanlar var. Məzunlardan biri yüksək balla Xarici Dillər Universitetinə, digəri isə APU-nin filologiya fakültəsinə qəbul edilib. Bir neçə məzun isə müxtəlif peşə yönümlü məktəblərə qəbul edilməklə təhsillərini davam etdirirlər. Vəfa müəllimə deyir ki, məktəb yeni korpusda yerləşəndən demək olar ki, qayğıları xeyli dərəcədə azalıb. Məktəb kollektivi yeni standartlara tam cavab verən məktəb binasına köçürlüdükdən sonra maddi-texniki baza və infrastrukturla bağlı yaranan müxtəlif problemlərdən azad olublar. Yaradılan bu şərait və imkan isə onlarda daha da məsuliyyət hissini artırmış, yüksək ruh yüksəkliyinə səbəb olmuşdur.V.İsmayılova eyni zamanda 3 saylı məktəbin direktoru Sevinc Məmmədəliyevanın da onlara qayğısını xüsusilə vurğuladı. Qeyd edək ki, Vəfa İsmayılova Laçın şəhərində doğulub. O, illərlə çalışdığı və bu gün direktoru olduğu məktəbin məzunudur. Odur ki, onunla Laçının işğaldan azad olunması sevincini də paylaşdıq. Laçının düşmən tapdağından azad olunması xəbəri bütün həmvətənləri kimi onların da pedaqoji kollektivində böyük ruh yüksəkliyi yaradıb. Bunun üçün o Müzəffər Ali Baş Komandan İlham Əliyevə, yenilməz odumuza, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu söylədi. Direktor bildirdi ki, doğma Laçında 2 saylı məktəbin binası salamat qalsa da, Laçın şəhər 1 nömrəli məktəb   yararsız hala düşüb. Prezident İlham Əliyev Laçın Şəhər 2 saylı məktəbin təmir və tikintisi üçün 800 min manat ayırıb.

Bu gün əziz müəllimlərimizin peşə bayramı olduğundan V. İsmayılovadan hər çətinliyə sinə gərən bu köçkün məktəbində xüsusi olaraq seçilən müəllimlərin adlarını sadalamağı xahiş etdik. Bunlar təlim-tərbiyə işləri üzrə direktor müavini Niyazi İbrahimov, riyaziyyat müəllimi, həyat yoldaşı Nüsrət Şirəliyev 1-ci Qarabağ Müharibəsində şəhid olan Solmaz Bayramova, sinif müəllimi Fəridə Məmmədova, fənn müəllimlərindən Fəqumə İbrahimova, Nüşabə Məmmədova, Arifə Məmmədova və başqalarıdır. Onu da qeyd etməliyik ki, bu məktəbdə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Buna məktəbin keçirdiyi müxtəlif tədbirlərin iştirakçısı olaraq özüm də şahid olmuşam. Məktəbdə şahidi olduğum bir məqamı da vurğulamaq istərdim. Bu məktəbin bünövrəsi elə bir halallıqla qoyulub ki, burada şagirdlərdən heç bir təmənna tələb olunmur. Müəllimlərin peşə bayramı günündə V.İsmayılova ötən il rəhmətə gedən məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Zeynalovanı da xatırlamağı unutmadı. Ruhu şad olsun! Yeganə müəlliməni bir valideyn kimi elə mən də qızımın dilindən ona ünvanladığım və bir vaxt özünə söylədiyim bu kiçik şeirlə xatırladım.

Müəlliməmin adı

Çox gözəldi – Yeganə.

O mənim ürəyimdə

Bir dənədi, bir dənə.

 

Mən yaxşı oxuyuram,

Müəlliməm sevinir.

Gündəliyə “5” yazır,

Mənə “Afərin!”, - deyir.

 

Gül çəkirəm mən ona,

Düzəldirəm ev, gəmi.

Yeganə müəllimə,

Çox sevirəm mən səni!

Bayramınız mübarək olsun, əziz, sevimli müəllimlərimiz. Qoy Sizin şagirdlərinizlə birgə səsiniz azad Qarabağımızın bütün kənd və şəhərlərindən gəlsin...

Mina RƏŞİD

Oxşar xəbərlər