24.04.2025, 14:19
AZ EN
13.07.2023, 08:19 377

Bəşir Vətənini, bayrağını, elini sevən oğul idi

XƏBƏRLƏR
  • Bu gün Vətənin mərd oğlu, qəhrəman şəhidimiz Bəşir Həsənovun doğum günüdür. Onun haqqında danışan doğmaları, dostları Bəşirin çox mehriban insan olmasını xüsusilə vurğulayırlar. Anası deyir ki, övladı  haqqında keçmiş zamanda danışmaq ona çox çətindi. “Bəşirin adı gələndə ürəyim uçunur. 25 yaşı vardı, hələ bir dəfə onun acı sözünü eşitməmişəm. Çağıranda “Can!” - deyərdi”.   

Atası da danışanda hiss edirsən ki, Bəşirin ailəsi üçün yeri əvəzedilməzdi. Bu hörməti, məhəbbəti o özü qazanmışdı. “Ona atamın atamın adını qoymuşuq, elə bil ki, tək övladım ox, həm də atam idi... Bəşir gözəl uşaq idi, çox mehriban, gülərüz, məktəbdə də həm yaxşı oxumağı, həm də tərbiyəsi ilə seçilirdi. Bəşir haqqında döyüş dostları danışandan sonra oğlumu bir daha tanıdım... Uşaqlıqdan həmişə öyrənməyə can atırdı. Bir dəfə fənər almışdım, onda hələ balaca idi, onu sökmüşdü. Elə bir şey görəndə sökürdü, deyirdi görüm bunun içində nə var, necə düzəldiblər”.

Bəşir haqqında döyüş yoldaşları da xoş sözlər danışırlar. Deyirlər, Vətənini, bayrağını, elini sevən oğul idi, bizim sağ qalmağımza o səbəb olub, yoldaşlarımızı qoruyurdu...

 Bəşir Xəqani oğlu Həsənov 1995-ci il iyulun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2001–2012-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəşir Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəşir Həsənov oktyabrın 25-də Füzuli döyüşlərində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma Şəmkir rayonunun Təzəkənd kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Bəşir Həsənov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Gələcək haqqında həmişə planlar cızan Bəşir sevdiyi qızla birgə ali məktəbə daxil olduğuna çox sevinirdi. 25 yaşı vardı, artıq ailə qurmağa hazırlaşırdı. Ancaq Vətən sevdası hər şeyə üstün gəldi. Bəşir Zəfər tariximizə öz qəhrəmanlığı ilə adını əbədi olaraq həkk elədi.

Cənnətdəki doğum günün mübarək, məzarn nurla dolsun, ruhun şad olsun, şəhidim!

Mina RƏŞİD   

Oxşar xəbərlər