05.02.2025, 23:02
AZ EN
30.09.2022, 16:04 194

Könüllü getdi, qazi qayıtdı

XƏBƏRLƏR
  • Vətən müharibəsində öz şücaəti ilə tarix yazan oğullarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə son əsrlərin ən şərəfli səhifəsini doğma Azərbaycana bəxş etdi. Minlərlə şəhid və qazi bu mübarizədə öz canı və qanını əsirgəmədi. Belə oğullarımızdan biri də 1995-ci ildə Lökbatan qəsəbəsində anadan olmuş Elnur Abbasovdur.

Biz onun həyat və döyüş yoluna işıq tutmaq üçün qəhrəmanımızla görüşdük. Elnur bildirdi ki, əslən Laçın rayonundan olsa da, məlum hadisələrlə bağlı məcburi köçkün kimi Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində dünyaya göz açıb. Taleyi elə gətirib ki, o, 14 saylı Sahil qəsəbəsindəki xüsusi internat məktəbində təhsil alıb. Sonra Memarlıq-İnşaat kollecinə daxil olub. 2014-cü ilin aprelindən 2015-ci ilin oktyabrına kimi hərbi xidmətini yerinə yetirib.

Vətən müharibəsi başlayanda isə könüllü olaraq döyüşə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında döyüşüb. Elnur onu da bildirdi ki, döyüşlər çox ağır idi, hər tərəf minalanmışdı, düşmən bütün gücü ilə müqavimət göstərirdi. Lakin ordumuzun hücumu qarşısında kimsə dayana bilməzdi və dayana da bilmədi. Belə çətin bir şəraitdə döyüş yoldaşlarım Toğrul və Cövhəri minalı sahələrdən çıxarıb apara bildim. Qəhrəmanımız 2020-ci il noyabrın 5-də Xocavənd rayonu ərazisində yaralanıb.

E.Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Laçının azad olunmasına görə», «Zəngilanın azad olunmasına görə» medalları ilə təltif olunub.

Elnur onu da vurğuladı ki, döyüşdən qayıdandan sonra yaxşı qarşılanıb, işlə məşğuldur və dövlətdən 630 manat pensiya alır. Subaydır, anası ilə «Qobu Park -1»də yaşayır və bütün bunlar üçün Ali Baş Komandanımız cənab İlham Əliyevə Uca Tanrıdan daim uzun ömür, cansağlığı arzulayır.

İsa MUSAYEV

Oxşar xəbərlər