20.10.2024, 04:00
AZ EN
26.01.2023, 17:29 336

O yerləri necə unuda bilərik?

XƏBƏRLƏR
  • Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü həmin torpaqlardan deportasiya olunmuş soydaşlarımızın qəlbini dindirdi. İllərdi Vətən dərdi ilə yaşayan Qərbi Azərbaycanlıların Yurd həsrəti daha da alovlandı. Prezidentin çıxışı onlara ruh yüksəkliyi, doğma torpaqlarına qayıdacaqlarına böyük inam bəxş elədi.  

Qərbi Azərbaycanın Barana rayonundan deportasiya olunmuş sakinlər Azərbaycan Televiziyasına müsahibələrində xəyalən doğma yerlərinə qayıtdılar. Şəkillər, xatirələr də, sanki dil açıb danışırdı...

Barana rayonu, Yuxarı Körpülü kənd sakini Solmaz Əliyeva deyir ki, bizim kəndimiz sırf azərbaycanlı kəndi olduğu üçün ermənilər bura asanlıqla daxil ola bilmirdilər. Amma Aşağı Körpüdə  mitinqlər edirdilər, səsgücləndiricilərlə qışqırırdılar. Azərbaycan haqqında ağızlarına gələni danışırdılar. Ot tayalarını, evləri yandırırdılar. Hər vasitə ilə azərbaycanlıları ata-baba yurdundan didərgin salmağa çalışırdılar.

Solmaz xanım onu da deyir ki, ata-anasından da 1918 və 1948-ci illərdə soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılmasını eşidib. Onlar bir neçə dəfə doğma Vətəndən ayrılsalar da geri dönüblər. Deyir ki, ancaq bizim Vətəndən ayrılmağımız çox dəhşətli olub. Doğma evimizə - ocağımıza illərdi həsrət qalmışıq...  

Yuxarı Körpülü kənd sakini Allahverən Alıyev də Yurd həsrətinin ağır dərd olduğunu deyir. Danışır ki, insanlarımız hərəsi bir yerə köçdü, pərən-pərən düşdük: “İndi hər birimizin arzusu odur ki, o doğma yerləri görək, ocağımıza qayıdaq. Şair yazır ki, kaş ölüb o yerlərdə qalaydım. Körpəliyimizi orada yaşamışıq. Uşaqlığımızı, cavanlığımızı.... Axı necə  unuda bilərik?

Sakinlər deyirlər ki, Yuxarı Körpülü kəndi kəndlərin ən gözəli idi. Kənd meşənin içində, dağın ətəyindəydi. Saray kimi evlərimiz qaldı... Amma bununla belə, onlar sabaha ümidlə yaşayırlar, çünki Müzəffər Ali Baş Komandanımıza güvənirlər. İnanırlar ki, tezliklə yenə də o dağlara, meşələrə, buz bulaqlara, sərin yaylaqlarına qovuşacaqlar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər