Məhəmmədin anası deyir ki, şəhidlər Bayraq dedilər, bayrağa bükülüb gəldilər, Torpaq dedilər, Vətən torpağının qoynunda yatdılar...
Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan Məhəmməd Füzuli oğlu İsmayılzadənin doğum günüdür. O, 1996-ci il iyunun 12-də NMR Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. 1997-ci ildə ailəsi Bakıya köçüb. 2014-cü ildə Suraxanı rayonu 317 nömrəli məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində hərbi xidmət keçib. Vətən keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb edib və baş kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirib. Bir neçə dəfə fəxri-fərmanla təltif olunub. Onun ən böyük arzusu xaricdə təhsil almaq idi və bu məqsədlə 2019-cu ildə Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olunub.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd İsmayılzadə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdı. Belə ki, müharibənin başlaması xəbərini eşidən kimi Azərbaycanın yüzminlərlə gənci kimi Türkiyədə universitetdə təhsil alan Məhəmməd də bütün varlığı ilə bağlı olduğu doğma Vətəninin müdafiəsinə can atdı. Atası Füzuli kişi deyir ki, müharibə başlayan ilk saatlarda könüllü cəbhəyə yazılsa da, çağırılmadığını görüb sentyabrın 29-da hərbi komissarlığa gedib, cəbhəyə yola düşmək üçün növbəsini gözlədi. Görəndə ki, siyahıda adı çıxmır və axırıncı avtobus da getməyə hazırlaşır, tez içəri daxil olub adını yenidən qeyd etdirdi və cəbhəyə yollandı. Biz ölüm-dirim savaşına girsək də, torpaqlarımızı azad edə bilmədik. Bizim bacarmadığımızı qəhrəman övladlarımız bacardılar...
Şəhid Məhəmmədin atası Füzuli İsmayılov o vaxt Həştərxanda gəmidə işləsə də, Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsi üçün bir an belə düşünmədən Bakıya gəlib və könüllü cəbhəyə yazılmışdı. Müharibənin odu-alovu içində başına min bir müsibət gəlmişdi. Deyir ki, xüsusilə şəhidlərimizi gətirmək olduqca çətin idi. Bilməzdim ki, 30 ildən sonra mənim oğlum da şəhid olacaq.
Bacısı Təranə qardaşının cəbhəyə getdiyi gündən ön sıralarda döyüşməsinə baxmayaraq, onlarla danışanda bunu gizlətdiyini bildirir: “Döyüş yoldaşları deyirlər ki, Məhəmməd evlə danışdığı zaman qazdıqları quyunun içinə girər, telefonu torpağa qoyub, qulağını da ona bərk-bərk sıxardı ki, güllə səsləri eşidilməsin. Sonuncu dəfə atam onunla şəhid olduğu gün - oktyabrın 25-də səhər təxminən saat 8-də danışmışdı. Yaralandığını bildiyi üçün “Bəlkə gəlib müalicə alasan, sonra yenə qayıdarsan”, - desə də Məhəmməd “Mən dostlarımı burada buraxıb gələ bilmərəm. Amma dualarınızı əsirgəməyin. Çətin döyüşə giririk, qələbə bizim olacaq”, - deyib.
Məhəmməd İsmayılzadə oktyabrın 26-da Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD