19.09.2024, 05:38
AZ EN
28.09.2022, 18:39 122

Doğum günündə şəhidlik zirvəsinə ucaldı

XƏBƏRLƏR
  • Adları tarixin yaddaşına əbədi həkk olunan, Vətən müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərimizdən biri də baş leytenant Ağaqardaş Abbasovdur. Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

“Gözümün ilk nuru idi. Mənim balam çox vətənpərvər idi. Hərbçi yoldaşları deyir ki, müharibə xəbərini eşidəndə qol götürüb oynayıb, bu dəfə hər şey yaxşı olacaq, düşmənə həddini bildirəcəyik”- deyib. Bu sözləri şəhidimizin atası ilham Abbasov qürur və iftixarla dilə gətir.

Ağaqardaş Abbasov orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə təhsil alıb. Lakin hərbçi olmaq marağı onu ordu sıralarına aparıb, peşəkar hərbçi kimi xidmət edib. Orta məktəbdə də, tələbəlik illərində də, hərbi xidmətdə də nümunəvi davranışı ilə hər kəsə örnək olub.

İlham Abbasov deyir ki, çox savadlı uşaq idi Ağaqardaş. Müəllimləri də onunla fəxr edirdi. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollandı. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi. Leytenat rütbəsi almışdı. 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişdi. Hərbi çox sevirdi, nizam-intizamlı olması da bu sahədə ona kömək edirdi...

Vətən müharibəsi başladığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbbasov ağır döyüşlərdə iştirak edib,  qəhrəmanlıq göstərib. Füzuli istiqamətində gedən döyüşlər zamanı ayağından qəlpə yarası alsa da, döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Füzulidə cəhbəni yaran, düşmənin möhkəmləndirilmiş müdafiə səddini keçən, onların ən çətin postunu birinci alan da Ağaqardaşgilin briqadası olub. Daha sonra düzənlik ərazi ilə irəliləyib ikinci müdafiə xəttinə çatanda briqadanın 7 döyüşçüsü şəhid olub.

Baş leytenant Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 28-də,  28-ci doğum günündə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər