Toğrul Abbasov 31 dekabr 1990-cı ildə Ağcəbədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 1996-2007-ci illərdə Ağcəbədi rayon Hacıbədəlli kənd tam orta məktəbində təhsil alıb. 2008-2010-cu illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə Vətənə xidmət edib. Ordumuzun əsgəri Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və torpaqlarımızın bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsinə yollanan ilk döyüşçülərdən olub. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Toğrul Abbasov müharibənin başlandığı ilk gündə 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla həlak olub.
Şəhidimiz doğulduğu Ağcəbədi rayonunun Hacıbədəlli kəndində böyük bir el məhəbbəti ilə dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Ailəli idi, Yağmur adlı bir qızı Vətənə əmanət qalıb.
Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax rayonunda anadan olub. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin I sinfinə gedib. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirməyə başlayıb və 2009-cu ildə həmin məktəbin XI sinfini bitirib. 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb və 2012-ci ildə hərbi xidmətini başa vurub. Sonra hərbi kurs keçərək 2013-cü ildə Füzuli rayonunda gizir rütbəsində xidmətə başlayıb. Elvin Aprel döyüşlərinin də iştirakçısı olub.
2-ci Vətən Müharibəsində gizir Elvin Orucov müharibənin ilk günündən mərdliklə döyüşlərə atılıb. İgid döyüşçü 27 sentyabr 2020-ci ildə bizi Zəfərə aparan yolun başlanğıcında qəhrəmancasına şəhid olub. Onun döyüş yolu qısa olsa da, çox önəmli olan ilk savaşlarda Füzuli istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.
Vətənin mərd oğlu 28 sentyabrda dogma Qazax torpağında Şəhidlər Xiyabanında böyük bir izdihamla torpağa tapşırılıb. Ailəli idi, Emil və Elay adında iki azyaşlı övladı yadigar qalıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən Müharibəsinin ilk, həm də böyük önəm daşıyan günündə - 27 sentyabrda şəhadətə ucalan adlarını andığımız bu iki oğlumuzla birgə bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik.
Mina RƏŞİD