Keçdiyi həyat yolu qısa, amma mənalı olan oğullarımızdan biri də Zəkadır ki, canını Vətən var olsun deyə düşmən gülləsinə sipər etdi: "Bizlərdən doğulacaq yenə, lakin Vətəndən yox!", deyə...
Bu gün Vətən müharibəsinin 19 yaşlı şəhidi Zəka Abışovun doğum günüdür. Yaşasaydı, Zəkanın 23 yaşı olacaqdı...
Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci il martın 19-da Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açıb. İbtidai təhsilinə 2007- ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlayıb. Uşaq yaşlarından idmana maraq göstərən Zəka karate ilə məşğul olub. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olub. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşüb. Komandirlərinin sözlərinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından daim fərqlənib. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində, qoşunların ön xətt bölmələrində (birinci eşalon) keçirib. 2020-ci il 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Abışov Zəka noyabr ayının əvvəllərində düşmənin əks hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 22 noyabr tarixində Qızıldaş qəsəbəsinə gətirilib, burada böyük izdihamla və ehtiramla Qızıldaş qəsəbəsində dəfn edilib.
Vətən müharibəsindəki xidmətlərinə görə Abışov Zəka ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ