Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1991‐1994‐cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə Ali Hərbi Quru Qoşunları məktəbində (Kara Hərb Okulu) davam etdirib və 1998‐ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirib. 1998‐ci ilin sentyabrından Murad Mirzəyev Eyirdir Dağ Komando məktəbində 3 aylıq, 1999‐cu ilin yanvar‐iyun aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin 4‐cü Motoatıcı Briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayıb. Daha sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi bacarıqlı, cəsur, gənc zabiti ölkəmizə xidmət etməyə dəvət edib.
Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə təyinat alan baş leytenant Murad Mirzəyev bir müddətdən sonra arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirməyə başlayıb. XTQ-də xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlib. M.Mirzəyev 2005‐2007‐ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlar üçün nəzərdə tutulmuş “Ranger” kursunu tamamlayıb. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edib və bu kursları da üstün dərəcə ilə bitirib. Polkovnik-leytenant Murad Mirzəyev 2016-cı ilin "Aprel döyüşləri" zamanı Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib və 2 aprel tarixində qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Murad Mirzəyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Məzarı nurla dolsun!
Tahirə AĞAMİRZƏ