07.06.2025, 07:03
AZ EN
06.06.2025, 13:42 112

Ersoy Bədir: Ermənilər Qərbi azərbaycanlıların təkcə özlərini yox, mənəviyyatını, bəşəri inancını da yox etmək istəyirdilər

XƏBƏRLƏR
  • Tarixin fərqli dövrlərində Azərbaycan torpaqları çar Rusiyasının təzyiqi və köməyi ilə Ermənistana verilib. Bu “köməy”in nəticəsidir ki, indi tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb, burada yaşayan soydaşlarımız isə amansız soyqırımları, işgəncələr ilə öz doğma yurd-yuvalarından didərgin salınıblar. Bu ərazilərdəki Azərbaycan kəndlərinin yandırılması, minlərlə insanın amansızlıqla qətlə yetirilməsi, tarixi və mədəni abidələrimizin yox edilməsi də Azərbaycan türklərinə qarşı qəsd və düşmənçiliyin nümunəsidir. O torpaqlarda azərbaycanlıların yaşadıqları 420 kənd xarabalığa çevrilib. Bu kəndlərin çoxu rus ordusu ilə əməkdaşlıq edən erməni quldur dəstələri tərəfindən talan edilib. Bu hadisələr zamanı 46 kənd ümumiyyətlə xəritədən silinib. İndiki Ermənistan ərazisindəki doğma yurdundan sürgün edilən ailələrdən biri də əslən İrəvandan olan, hazırda isə Türkiyənin Balıkesir vilayətində yaşayan biologiya müəllimi Ersoy Bedirin doğmalarıdır.

O dövrdə ailəsinin yaşadıqları barədə acı xatirələrini bölüşən Ersoy Bedir deyir ki, onun babaları Hacı Əsədullah və Xeyrullah Bedir İrəvanda dünyaya gəliblər.

Qəhər dolu, titrək səsi ilə hər iki babasının həyat hekayələri haqqında danışan Ersoy Bedir deyib: “Anamın atası Hacı Əsədullah bəy 1874-cü ildə İrəvanda dünyaya gəlib. Onların orada erməni qonşuları ilə heç bir problemi olmayıb, bir yerdə sakit, firavan böyüyüb yaşayıblar. Lakin İran, Suriya, Türkiyə və başqa yerlərdən gətirilən ermənilər ruslara güvənərək babamgilə dinclik verməyiblər. Hacı Əsədullah bəy o dövrə görə varlı bir insan olub. Elə buna görə də başı çox bəlalar çəkib. Dükanı gah talanıb, gah yandırılıb, özü isə min cür işgəncələrə məruz qalıb. Babam deyirdi ki, bir gün gəlmə ermənilər onu zorla evdən çıxarıb əkin sahəsinə aparıblar, rus əsgərlərinin gözünün önündə axşama qədər tarlada öküz əvəzinə boyunduruğa qoşublar. Təsəvvür edirsiniz?!... Hələ bu, danışa bildikləridir. O, çox işgəncələr gördüyünü deyirdi. Lakin çarəsiz qalsa da, evini tərk edə bilməyib”.

Babasının xatirələrini bölüşən həmsöhbətimiz sözlərinə belə davam edib: “Babam çox imanlı bir insan idi. O, orada xəlvəti də olsa, ibadətini edər, orucunu tutarmış. O deyirdi ki, gördüyü işgəncələr təkcə fiziki deyildi, onlar bizim mənəviyyatımızı, bəşəri inancımızı da yox etmək istəyirdilər. Çox vaxt 3-9 yaşlı oğlan uşaqlarını bir dama toplayıb dinlərindən yayındırmaq üçün günlərlə ac-susuz saxlayıblar. Rus əsgərləri onlara “Lenin babanıza dua edin, o, sizə istədiyinizi versin” deyirlərmiş. Uşaqlar dua edən kimi onlar yemək və su veriblər. Bütün bunlar uşaqların Leninə inanclarını artırmaq üçün aparılan qəsdli siyasət idi. Hətta uşaqlara evdə namaz qılanlarla bağlı onlara xəbər verənlərə mükafat veriləcəklərini də deyiblər. Babamgil bütün bu işgəncələrə 1934-cü ilə qədər tab gətirə biliblər. Deyirdi ki, nə gecəmiz var idi, nə də gündüzümüz, qorxu içində yaşayırdıq. Bir gün yuxusunda evlərinin yandırıldığını görüb və elə həmin gecə Türkiyəyə getməyə qərar veriblər”.

Ata babası Xeyrullah Bedir bəy haqqında da danışan müsahibimiz onun İrəvan quberniyasının Eçmiədzin (Üçkilisə) qəzasına (Kurdukulu bölgəsinin Canfəda kəndi) bağlı olan İydəli (Sərdarabad) kəndində yaşadığını vurğulayaraq deyib: “Min nəfərdən ibarət əhalisi olan İydəli də 1918-ci ildə erməni daşnakları tərəfindən soyqırımına məruz qalan kəndlərimizdəndir. Kənd əhalisinə elə divan tutublar ki, 1922-ci ildə oraya ancaq 87 nəfər qayıda bilib. Sonradan onlar da oradan çıxarılıb və kənd tamamilə erməniləşdirilib. Babam kənddə təsərrüfat işləri ilə məşğul olub. O, orada azərbaycanlılara qarşı edilən haqsızlıqlara dözə bilməyib, ermənilərə qarşı çıxıb. Elə ona görə də babamı Sibirə sürgün ediblər. Xeyrullah Bedir bəy deyirdi ki, onları Sibirə aparan qatarda nəzarətçi olaraq qazaxıstanlı bir əsgəri qoyublar. O, əsgərlə söhbət etməyə başlayıb və ikisinin də türk millətinə məxsus olduğunu, lakin buna baxmayaraq, “bizi bir-birimizin əli ilə ölümə məhkum edirlər” deyib. Əsgər isə mat-məəttəl baxaraq, onlara qatardakıların hamısının erməni olması ilə bağlı məlumat verildiyini deyib. Bunun ardından babam həmin qazaxıstanlı və başqa bir türkmənistanlı əsgərlər birləşərək qatardan qaçıblar. Onlar yenidən İydəliyə gəliblər. Sonra isə babam ailəsi və həmin əsgərlərlə birlikdə Türkiyəyə köçüblər. Babam İğdırda məskunlaşıb, əsgərlərin biri Amasiyaya, digəri isə Ərzincana gedib. Babam uzun illər həmin əsgərlərlə əlaqəni kəsməyib”.

Hər iki babasının dünyasını dəyişməzdən əvvəl onlara məzar daşı üzərində İrəvanlı olduqlarını yazdırmağı vəsiyyət etdiklərini deyən Ersoy bəy diqqətə çatdırıb: “Biz onların hər ikisinin son vəsiyyətlərini yerinə yetirdik. Amma nə olsun, içimizdəki bu ağrı-acı sönmür. Ermənilərin törətdikləri bu vəhşiliklər cavabsız qalmamalıdır. Dünya ictimaiyyəti bizim haqq səsimizi artıq eşitməlidir. Erməni vəhşilikləri unudulmamalı, qondarma “tarix dərsi” vermək istəyənlərə isə əsl tarixi izah edilməlidir. Bütün bu yaşananlar nağıl və ya hekayə deyil, hər biri bir ailənin fəlakətidir. Qərbi azərbaycanlı olaraq hər birimizin ürəyi Vətən deyə sızıldayır. Mənim evimin eyvanında daim Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da asılır, özümü bununla ovuduram. Biz öz doğma torpaqlarımıza gedəcəyimiz günü səbirsizliklə gözləyirik, buna çox inanırıq. Bizim bu inamımız 44 günlük Vətən müharibəsindən sonra daha da artdı. Biz möhkəm iradəyə sahib Prezidentimiz İlham Əliyevin qətiyyətli və əzmkar siyasəti nəticəsində ata-babalarımızın doğulub boya başa çatdığı torpaqlara qayıdacağıq. O günü görmək isə ən böyük arzularımdan biridir”. (AZƏRTAC)

Oxşar xəbərlər