2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın Zəfər yürüşünə Mikayıl könüllü olaraq qoşulub. Müharibənin ilk günlərindən döyüşlərə atılaraq Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda mərdliklə savaşıb. Mikayıl Əhmədov 2020-ci il noyabrın 3-də də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma Qəbələdə torpağa tapşırılıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Mikayıl Əhmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Füzulinin azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mikayıl müharibəyə könüllü yazılanda sanki şəhid olacağını hiss edirdi. Bu isə onu nəinki narahat edir, əksinə qürurlandırırdı. Çünki şəhidliyin nə demək olduğunu yaxşı bilirdi. Ona görə də doğmaları ilə halallaşıb getmişdi. “Məndən bütün yaxın, uzaq qohumlara salam deyin, şəhid olsam iki qurbanım var, onu yerinə yetirərsiniz, bir də çox-çox xahiş edirəm məndən sonra qışqıraraq ağlamayın...” – deyə, vəsiyyət də etmişdi. Deyirlər ki, Mikayılın gözəl avazı vardı və o olan yerdə heç kəs azan verməzdi.
Zəfər tarixinə qanıyla imza atan şəhid Mikayıl Əhmədovun bu gün doğum günüdür. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD