09.06.2025, 22:12
AZ EN
03.03.2025, 14:06 248

Kiçik kəndlərin birləşdirilməsi təkcə Qarabağ və Şərqi Zəngəzurda yox...

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərlə yanaşı respublikanın digər regionlarında da kiçik kəndlərin birləşdirilməsi məsələsi aktualdır.

"Vətən səsi" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Həmin kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə bu göstərici 5 mindən çoxdur.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Xəzər" TV-yə bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər: "Azərbaycanda kiçik kəndlər çoxdur. Elə kəndlər var ki, orada cəmi bir ailə yaşayır. 8-10 və ya 20 nəfərin yaşadığı kəndlərin sayı isə onlarladır. Belə kəndlərə işıq, su, yol, təbii qaz xətti çəkmək çox çətin və səmərəsizdir".

Deputat onu da əlavə edib ki, işğaldan azad edilən ərazilərdə kiçik kəndlərin birləşdirilməsi ilə bağlı konsepsiyanın həyata keçirilməsi isqtiqamətində müəyyən addımlar atılır: "İşğaldan azad olunmuş ərazilərdə həmin rayonların baş planına əsasən elə layihələr hazırlanıb ki, bir-birinə yaxın olan kiçik kəndlər birləşdirilisin və orada infrastruktur layihələrinin həyata keçirilməsi asanlaşdırılasın".

İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Onun fikrincə, bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir: "Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da ucqar kəndlərdə yaşayan əhalinin sayının azalması tendensiyası müşahidə olunur. Çünki urbanizasiya prosesi olaraq insanların şəhərlərə üz tutması davam etməkdədir. Bu isə həmin kəndlərdə qalıb yaşamaqda davam edən əhalinin təhsil, səhiyyə və digər xidmətlərə əlçatanlığında problemlərə gətirib çıxarır. Bu, eyni zamanda dövləti üçün ciddi maliyyə yükü yaradır. Ona görə də kişik kəndlərin birləşdirilməsi labüddür".

Xarırladaq ki, hazırda Azərbaycanda əhalisi 5  nəfər və daha az olan kəndlər Xızı, İsmayıllı, Neftçala, Yardımlı, Daşkəsən, Ağsu və Şabran rayonlarının payına düşür. Bu isə o deməkdir ki, kiçik kəndlərin birləşdirilməsi konsepsiyası təkcə Qarabağ və Şərqi Zəngəzurda yox, respublikanın digər bölgələri üçün də qaçılmaz olacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər