Vətəni canından çox sevən, uğrunda ölümü şərəf sayan Tank komandiri Telman Həsənli 44 günlük Vətən müharibəsində şərəflə döyüşüb və inanıb ki, bu dəfəki döyüş Azərbaycan Ordusunun tam qələbəsiylə başa çatacaq...
Vətən Müharibəsi şəhidi Telman Rafiq oğlu Həsənli 1998-ci ilin martın 3-də Bağbanlar kəndində sadə, zəhmətkeş ailədə anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra bubşərəfli peşədən ayrılmayıb. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarında böyük həvəslə vətənə xidmət etməyə başlayıb. Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları, onun gələcək uğurlarının müjdəçisi idi. Şanlı ordumuzun cəsur döyüşcüsü, tank komandiri Telman Həsənli döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirməyi bacarıb. O, Xocavənd, Füzuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Qəhrəmanımız doğulduğu kənd qəbristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə qəhrəman döyüşçümüz Telman Həsənli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad6 olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Məzarı nurla dolsun!
Tahirə AĞAMİRZƏ