Bu sözləri Zaqatala rayonunda məskunlaşan Xocalı sakini Vasif Allahverdiyev söyləyib.
Xocalı soyqırımının xüsusi amansızlığına görə Holokost, Srebrenitsa qətliamları ilə eyni müstəvidə dayandığını vurğulayan həmsöhbətimiz deyib: “Bu soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş qəddar bir cinayət idi. Məqsəd yalnız bir şəhəri yox etmək deyildi. Məqsəd Azərbaycan xalqının ruhunu sarsıtmaq, milli iradəsini qırmaq, qorxu hissi yaratmaq idi. Lakin düşmən yanıldı. Xocalı xalqımızın yaddaşından silinmədi, əksinə, mübarizəmizi daha da gücləndirdi”.
Xocalı hadisələri zamanı Vasif Allahverdiyevin 8 yaşı olub. Soyqırımı ərəfəsində ailəsində, yaxın qohumlarında olan qadınları, uşaqları təhlükəsizlik məqsədilə Şuşanın Turşsu kəndində yerləşdiriblər. Atası Vaqif Allahverdiyev, əmisi İsmixan Allahverdiyev və digər qohumları isə şəhərin müdafiəsi üçün orada qalıb, könüllülərdən ibarət batalyonun tərkibində döyüşlərdə iştirak ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən soyqırımı zamanı atası yaralanıb, əmisi və yaxın qohumlarının bəziləri şəhid olublar.
Həmin dəhşətli günləri göz önünə gətirən Vasif deyib: “O günlərin ağrı-acısını 30 ildən çox yaşadıq. Hətta müharibənin dəhşətlərini duymayan, dərk etməyən körpələr də, uşaqlar da sonrakı həyatları boyunca bu ağrı-acını hiss etdilər. İllər boyu Xocalının qisas gününü gözlədik. Nəhayət, o gün gəldi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində misilsiz Zəfər qazandı. İşğal altında olan torpaqlarımız bir-bir azad edildi, düşmənin qurduğu sədlər darmadağın oldu. Xocalı da azad olundu. Bu, yalnız bir şəhərin geri alınması deyildi, bu, ədalətin, tarixi həqiqətin bərpası, illərlə çəkilən iztirabların sonu idi”.
Şanlı Qələbəmizin yalnız torpaqların geri alınması ilə bitmədiyini iftixar hissi ilə vurğulayan həmsöhbətimiz qeyd edib ki, bu gün Xocalı yenidən qurulur. Uçurulmuş evlərin yerində yeni binalar ucalır, yollar çəkilir, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa edilir. Şəhər müasir standartlara uyğun yenidən tikilir, Xocalı sakinləri öz yurdlarına qayıtmaq üçün gün sayırlar. Bir zamanlar yaşamağın mümkünsüz olduğu Xocalı bu gün həyat dolu bir məkana çevrilir. O da tezliklə doğma yurduna qayıdacağı günü gözləyir.
Həmsöhbətimiz bildirib ki, Xocalının bərpası təkcə inşaat işləri deyil, həm də ruhun, milli qürurun dirçəlişidir. Bir zamanlar didərgin həyatı yaşayan insanlar artıq doğma torpaqlarına dönürlər. “Bu qayıdış təkcə bir şəhərə yox, həm də keçmişimizə, mədəniyyətimizə, tariximizə dönüşdür. Biz artıq yalnız azad edilmiş torpaqların sahibi deyilik – biz o torpaqlarda yeni bir həyat qururuq, sülhü, əmin-amanlığı bərpa edirik. Bu isə yalnız güclü dövlətin, milli birliyin və sarsılmaz iradənin nəticəsidir”,- deyə Xocalı sakini diqqətə çatdırıb.
“Bir zamanlar xəyal kimi görünən arzularımız bu gün reallığa çevrilib. Xocalı, Qarabağ və bütöv Azərbaycan üçün yeni bir dövr başlayıb. Xocalıya ədalət, şəhidlərimizə rəhmət, xalqımıza əbədi qələbə arzulayıram!”, - deyə Vasif Allahverdiyev əlavə edib. (AZƏRTAC)