09.06.2025, 17:07
AZ EN
24.02.2025, 09:53 196

Bu gün şəhid Rüfət Şabanovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, əsgər Rüfət Rauf oğlu Şabanovun doğum günüdür. O, 24 fevral 2001-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Rauf Şabanovun ailəsində anadan olub. 2007-2018-ci illərdə orta təhsil alıb.Rüfət Şabanov 22 iyun 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə Vətənə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Rüfət Şabanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Rüfət Şabanov 18 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən qanlı döyüşlərin birində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla dünyaya göz açdığı Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüfət Şabanov "Vətən uğrunda", “Hərbi xidmətlərə görə” və "Kəlbəcərin azad edilməsinə görə" medalları ilə təltif edilib.

İgid əsgər Rüfət Şabanov Vətən uğrunda şəhadətə ucalanda cəmi 19 yaşı vardı. Anası deyir ki, oğlunun yaşı az olsa da, o çox qorxmaz idi. Müharibəyə də, “Canım Vətənə fəda olsun”, - deyərək, cəsarətlə yollanmışdı.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Rüfət balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər