Emin Eminzadə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şaroyev adına 35 saylı Musiqi Məktəbinin vokal şöbəsini bitirib. 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012), 16 yaşında Qazaxıstanda (2013) və 16 yaşında Hollandiyada keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan “Баку” jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində Emin Eminzadənin uğurlarına verilən qiymət kimi “Böyük ümidlər” adlı məqalə dərc olunub.
Emin Eminzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
Fidan Qasımovanın sinfində təhsil alıb. Müğənninin adı "Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılıb. Əvvəllər o, tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil almaq üçün təqaüd qazanıb, daha sonra Texasa gedib. Sonra Amerika Musiqili Dram Akademiyasına daxil olub və bu təhsil ocağında təhsil alan ilk azərbaycanlı olub.
Emin Eminzadə Qazaxıstanda "Qızıl Mikrofon”, İtaliyada Elia Katalano, İspaniyada "Opus - 2012”, 2013-cü ildə Bakıda keçirilən "TO THE TOPS” kimi beynəlxalq müsabiqələrin laureatıdır. O, həm də Bakıda məşhur italyan ifaçısı Robertino Loretti ilə eyni səhnədə çıxış edərək, onunla Jamayka və O Sole Mio mahnılarını duet ifa edib. Məşhur italyan ifaçısı Robertino Loretti Bakıda verdiyi konsertdən sonra Emini "Azərbaycanın Robertinosu” adlandırıb.
Azərbaycan Respublikasının Prezideni İlham Əliyevin 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə Emin Xəzər oğlu Eminzadə xüsusi təqaüdə layiq görülüb.
2019-cu ildə o, 62-ci Qremmi Mükafatlarına fəxri qonaq kimi dəvət olunub.
Onun istedadı pop kralı Maykl Ceksonun bacısı Canet Cekson tərəfindən də yüksək qiymətləndirilib. 2020-ci ildə müğənni Londonun nüfuzlu universitetlərindən birinə - Britaniya və İrlandiya Müasir Musiqi İnstitutuna (British and Irish Modern Music Institute) daxil olub.
Emin Eminzadə musiqi karyerasını xarici ölkələrdə layiqincə davam etdirir, mahnılar təqdim edir, layihələr üzərində işləyir və Azərbaycan musiqisini təbliğ edir, ifa etdiyi bütün bəstələrin müəllifidir.
Onu da qeyd edək ki, Emin Eminzadə hal-hazırda Vətənə səfər edib və gəldiyi ilk gün ailəsi ilə birlikdə müqəddəs Mir Məhəmməd ağa ocağını ziyarət edib.
Azərbaycanımızı xarici ölkələrdə layiqincə təmsil edən, elimizin dəyərli övladı, istedadlı müğənni Emin Eminzadəyə can sağlığı, böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ