Belə qəhrəmanlardan biri də Turaldır. Bu gün Turalın doğum günüdür. Doğmaları yenə Turalın doğum gününü qeyd edirlər, amma iki ildir ki, öz evlərində deyil, fərqli məkanda – Şəhidlər Xiyabanında. Təbrikə isə ailəsi ilə birgə onlarla insan gəlib....
İsmayılov Tural Nurəddin oğlu 1999-cu il martın 10-da Daşkəsən rayonunun Zivlan kəndində anadan olub. Vətənpərvər ruhda böyümüşdü Tural. Məhz elə ona görə də Vətən hər şeydən öncə gəlirdi onun üçün. Müəllimləri deyir ki, Tural hələ lap kiçik yaşlarından vətənpərvərliyi ilə seçilirdi.
Şəhidlər yatan torpaq,
Ocağa, pirə dönər.
Şəhidlər xiyabanı
Ucalıqdan görünər...
Bəli, şəhidlər ən uca zirvədə daim yaşayanlardır.
Vətənə olan sevgisi Qarabağın azadlığı uğrunda döyüşlər başlayanda onu ordu sıralarına könüllü yazılmağa sövq etdi. Bir sıra kəndlərimizin, ərazilərimizin azad edilməsində əməyi olan igid döyüşçümüz valideynləri danışanda Azərbaycan bayrağını Şuşada dalğalandıracağına söz vermişdi. Vətənin cəsur oğlu Tural İsmayılov noyabrın 7-də Şuşa uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidliyin ali məqamına ucalıb.
2020-ci il noyabrın 16-da Gəncə şəhərindəki Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla dəfn olunub.
O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ