03.02.2025, 14:04
AZ EN
03.02.2025, 10:00 32

Vətən sağ olsun...

XƏBƏRLƏR
  • Ata-anası Vüsaldan, onun Şanlı Vətən Müharibəsindəki şücaətlərindən ürəkdolusu danışır, övladları ilə fəxr edirlər. Tank komandiri Vüsal Muradovun döyüş yolu Füzulidən başlayıb və 7 kəndin alınmasında onun misilsiz xidmətləri olub. Vüsalın ömür-gün yoldaşı deyir ki, o bir hərbçi kimi baş verənləri bizimlə paylaşmırdı. Ancaq müharibə başlayanda 4 övladı ilə ailəsini xidmət etdiyi hərbi hissədən başqa yerə köçürüb. İgid Vətən oğlu son nəfəsində övladlarını onların anasına tapşıraraq “Vətən sağ olsun!”, - deyib.  

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Vüsal Əlifağa oğlu Muradovun doğum günüdür. O, 1985-ci il fevralın 3-də Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi sahəyə böyük marağı sonra onu müddətdən artıq Vətənə xidmət etmək üçün yenidən ordumuza qaytarıb.  Vətən oğlu TTM-də piyada döyüş maşınının müxanik-sürücü kursunu bitirdikdən sonra 2007-ci ildən MAXHQ kimi xidmətini davam etdirməyə başlayıb.
Vüsal Muradov 2016-cı ildə baş vermis “Aprel döyüşləri”ndə Lələtəpənin alınmasında fəal iştirak edib. Nümunəvi xidmətinə görə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 və 100 illiyi medalları ilə təltif olunub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal Muradov Füzulinin azad edilməsi uğrunda mərdliklə savaşıb. 

Tank komandiri Vüsal Muradov 2020-ci il sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla dogma Cəlilabad rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda tapşırıqların icrası zamanı vəzifəsini şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Muradov ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər