13.02.2025, 10:01
AZ EN
24.01.2025, 10:51 322

Bu gün şəhid Əlihüseyn Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Əlihüseynin anası onun haqqında elə danışır ki, sanki övladı yanındadır. Üzündə təbəssüm, gözlərində işıq... Deyir ki, Əlihüseyn yaxşı oxuyurdu. Amma tarix dərsini daha yaxşı oxuyurdu. Sonra AZİ-yə daxil oldu və 4 ildə nümunəvi tələbə kimi özünü göstərdi. Hərbi xidmətə yollandı və 3 ay sonra müharibə başladı.

Anasıyla axırıncı dəfə oktyabrın 5-də danışıb Əlihüseyn. Sonra atasıyla 2 gün sonra danışaraq ona bildirib ki, biz öndəyik, amma anam bilməsin. Döyüş yoldaşı söyləyir ki, biz 3 postu götürdük, sonra düşmənin atdığı mərmidən Əlihüseyn şəhadətə ucaldı...  

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun doğum günüdür. O, 1998-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Şəki şəhəri 18 saylı məktəbin 1-ci sinfinə getmiş, 2015-ci ildə 11-ci sinfini bitirmişdir. 4-5-ci sinifləri Bakı şəhəri Xarici Dİllər Təmayüllü gimnaziyada təhsil almışdır. 2016-cı ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin istilik energetikası mühəndisliyi fakültəsinə daxil olmuş, 2020-ci ildə həmin fakültəni bitirib, istilik energetikası mühəndisliyi ixtisasına yiyələnmişdir. 

“Öz ayaqlarımın üstündə durmaq istəyirəm” arzusu Əlihüseyni tələbəlik illərində kiçik xidmətlərdə də olsa işləməyə gətirib çıxarıb. O, ilk iş həyatına “Araz” supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir kimi başlayıb. Ondakı məsuliyyət hissi rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə qurduğu düzgün münasibətdə böyük rol oynayıb. Yaxşı xüsusiyyətləri ilə rəhbər heyətin etibarını və hörmətini qazanan Əlihüseyn hər zaman onların diqqət mərkəzində olurdu. İmtahanlar zamanı işinə ara vermək məcburiyyətində qalsa da bir işçi olaraq onu itirməmək üçün ona münasib iş qrafiki qurulurdu. Onun yorulduğunu görən valideynləri dəfələrlə işdən azad olunmasını istəsə də o, buna razı olmurdu.

2020-ci ilin yay aylarında Əlihüseyn hərbi xidmətə yollanır. Evdə hamıya tapşırır ki, əziyyət çəkib yanına gəlməsinlər.

Onun xidmət etdiyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün valideynlərinə əziyyət vermək istəmirdi. Əlihüseyn nənə-babasının yanında böyümüşdü və onlara çox bağlı idi. Nənəsi ondan ötrü yaman darıxırdı. Bu həsrəti görən valideynləri qərara alır ki, nənəni də götürüb əsgər balalarını görməyə getsinlər. Həmin ərəfədə respublikada pandemiya şəraiti olduğu üçün rahat hərəkət etmək olmurdu. Uzaq olan yol müxtəlif səbəblərdən həmin gün daha da uzanır. Müxtəlif maneələrdən keçib, nəhayət, həmin hissəyə gələn valideynlər Əlihüseyni bir qədər gözləyirlər. Sevinc dolu görüş baş tutur. Uzaq yolu əziyyətlə gəldiklərinə narazılıq edən Əlihüseyn ürəyinin dərinliyində, bəlkə də, bu görüşə çox sevinirdi. Axı bu görüş onun doğmaları ilə son görüşü idi...

Sentyabrın 27-si 2020-ci il. Vətən müharibəsi. Qarabağ uğrunda əks həmlə əməliyyatı ilə başlanan müharibə. Əlihüseynin valideynlərinin başlanan narahatlığı. Oğullarını tanıyan ata-ana bilirdi ki, o yerində rahat durmayacaq. Vətəni üçün bu müharibəyə atılacaq. Elə belə də olur. Əlihüseyn Məmmədov 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Məmmədov Əlihüseyn Elşad oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər