24.12.2024, 03:14
AZ EN
28.11.2024, 09:07 450

Bu gün şəhid Cavad Babayevin doğum günüdür

XƏBƏRLƏR
  • Cavadın işğalda olan torpaqlarımız uğrunda vuruşmaq istəyi çoxdan yaranmışdı. O, ölkəmizdə qismən səfərbərlik zamanı Vətənin çağırışına ilk səs verənlərdən biri idi. Ona görə də Vətən müharibəsi başlayanda Cavad evlərinə gedib doğmaları ilə belə görüşmədi. Atasına zəng edib hərbi biletini gətirməsini xahiş edərək birbaşa cəbhəyə yollandı. Cavad Vətən müharibəsində şücaətlər göstərərək Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı. Bu gün ata-anası onunla bağlı başı uca, qürurla danışırlar. Deyirlər ki, övladımızın qanı yerdə qalmadı. Torpaqlarımız Cavad kimi igidlərin sayəsində düşməndən azad edildi. İndi ən böyük arzumuz şəhid balamızın qanı tökülən o doğma torpaqları gedib ziyarət etməkdi...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Cavad Gülverdi oğlu Babayevin doğum günüdür. O, 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda Vətənə xitmət borcunu layiqincə yerinə yetirib. Tikinti şirkətlərindən birində çalışıb.
Cavad Babayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı  uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Cavad Babayev Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidətə ucalıb.

Şəhidimiz noyabrın 11-də böyük izdiham və ehtiramla Masallı rayonunda, doğma kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cavad Babayev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Cavad balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər