09.06.2025, 22:27
AZ EN
15.01.2025, 10:32 274

Bu gün şəhid Niyamin Niftəlizadənin doğum günüdür

XƏBƏRLƏR
  • Niyamin evin tək oğlu idi, onun özündən böyük bircə bacısı vardı. O, ürəyini bacısına açardı. Hərbi xidmətdə şəhid, polkovnik İlqar Mirzəyev onun komandiri olmuşdu. Komandirini çox sevən bir əsgər kimi Niyamin İlqar Mirzəyevin şəhadətindən sarsılaraq könüllü orduya yazıldığını da təkcə bacısına demişdi. Niyaminin sevdiyi vardı, artıq qız evi də bilirdi ki, tezliklə onlara elçi gələcək. Ancaq Niyamin bütün arzularını Vətənə qurban edərək doğma yurd uğrunda şəhadətə ucaldı...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Niyamin Xaliq oğlu Niftəlizadənin doğum günüdür. O, 1997-ci il yanvar ayının 15-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Sonra onların ailəsi  Bakıya köçüb. Niyamin Bakı şəhəri Xətai rayonunda yerləşən 191 saylı məktəbdə oxuyub. 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində təhsilini davam etdirib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda xidmətdə olub. Nümunəvi xidmətinə görə dəfələrlə komandirləri tərəfindən mükafatlandırılıb. Niyamin 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2-ci peşə təhsili alaraq aşpazlıq sənətinə yiyələnib.
Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə savaşaraq şücaətlər göstərib.

Niyamin Niftalizadə oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", “Füzulinin azad olunması” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər