25.04.2025, 06:11
AZ EN
14.01.2025, 10:17 331

Vətən uğrunda 41 gün döyüşən cəngavər...

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Seyfullazadə Kamran Cəlal oğlunun doğum günüdür. O, 14 yanvar 1999-cu ildə Astara şəhərində anadan olub. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə alıb. N saylı hərbi hissədə hərbi xidmətini başa vurub.

Vətən müharibəsinin ilk günlərində cəbhəyə yollanan könüllülərdən olan Kamran Füzuli, Cəbrayıl, Qubadlı, Suqovuşan, Hadrut və Şuşa uğrunda igidliklə savaşıb. Hər tapşırığa hamıdan öndə gedən hücumçu, artilleriyaçı, 11 nəfərə başçılıq edən Kamran manqa komandiri kimi “Əlhəmdulillah!”, deyərək Şuşaya qalxıb. 30-dan çox ermənini əlbəyaxa döyüşlərdə məhv edib, dəfələrlə yaralı əsgərlərimizə qan verib.
Hadrutda divara adını, soyadını, “Astara” və “Qarabağ Azərbaycandır!” sözlərini yazıb.

Döyüş yoldaşları arasında “cəngavər” ləqəbi ilə tanınan Kamran Seyfullazadə noyabrın 5-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Kamran Seyfullazadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Anası Ruhiyyə xanım bildirir ki, Kamran uşaqlıqdan zəhmətə qatlaşıb, əzab-əziyyətlə böyüyüb. Biz həm ana-bala, həm də iş yoldaşı idik. 2017-ci ildə hərbi xidmətə yola düşdü. Goranboyda və Ağdamda hərbi xidmət keçdi, “Təşəkkürnamə”, yaxşı xidmət keçdiyi üçün iki dəfə ard-arda məzuniyyət aldı. Hərbi xidməti başa vurduqdan sonra Astaraya qayıtdı. Burda müxtəlif işlərlə məşğul oldu. Canıyanan, mehriban övlad idi. Mən onu atasız böyütmüşəm. Polad Həşimov şəhid olandan sonra orduya könüllü yazıldı, bu barədə bir ay sonra məlumatımız oldu. Dedim məni təkbaşına qoyub hara gedirsən? Dedi ki, mənim başqa bir anam da var – Vətən! O çağırır, Polad Həşimovdan artıq deyiləm, getməliyəm…
Ruhiyyə xanım qeyd edir ki, sentyabrın 21-də oğlunu orduya yola salıb: “Beş gün idi yola düşmüşdü təkrar çağırış gəldi, dedilər ki, Kamran orduda snayper olub, mütləq getməlidir. Biz də dedik ki, artıq Kamran beş gündür orduya könüllü gedib. Bu zaman o artıq Füzilidə idi. Müharibə dövründə 7 rayonda döyüşüb, 7 medal veriblər. Onu döyüş yoldaşları “Cəngavər” kimi tanıyıb. Şuşaya qədər döyüş yolu keçib. Şuşaya daxil olan ilk 8 nəfərlik qrupda olub. Şəhər ətrafında əlbəyaxa döyüşdə şəhadətə ucalıb. Onun məzarını ziyarət edən əsgər yoldaşları təəccüb içində idilər. Daha doğrusu, təəccüblərinin səbəbi onun yaşının az olması idi. Onlar deyirdi ki, Kamranın 21 yaşı olmasını bilmirdilər, elə bilirmişlər ki, onun yaşı çoxdu. Kamran heç nədən qorxmadan avtomobili erməni postuna sürüb oranı dağıdan, qənimətlər ələ keçirən azsaylı əsgərlərdən olub, 30-dan çox erməni əsgərini məhv edib. Təkcə bununla kifayətlənməyib, yaralı əsgərlərmizə qan verib. Həmin əsgərlər hamısı bizə gəlmişdi. Deyirdilər ki, Kamran döyüş gedə-gedə güllə altından o qədər şəhid çıxarıb ki, qışqırmaqdan səsi batıbmış. Öz papağını 6 ayın əsgərinə verib, deyib mən dözərəm, təki sənə bir şey olmasın...
Şəhid anası bildirir ki, böyük qələbəmiz Kamranın şəhid olmasından 3 gün sonra elan olundu. Kamran 44 günlük Vətən müharibəsinin 41 gününü döyüşüb. Bütün Astara rayonu ona körpə uşaq kimi ağlayırdı. Rayonda dostlarına deyirmiş ki, mən Sirat körpüsünü maneəsiz keçəcəyəm. Balam şəhid olacağını bilirmiş...
Şəhidin bacısı Samirə Seyfullazadə qardaşı ilə həm sağlığında, həm də şəhidlik məqamına yetişdikdən sonra fəxr etdiyini bildirib: “Biz atasız böyümüşük, Kamran evin atası idi, mənə də həm ata, həm də qardaş olub. Kamran çox güclü oğlan idi, bütün ümidlərimiz ona idi. Yaşı az olsa da çox böyük davranırdı. Hər zaman özündən böyüklərə yoldaşlıq edərdi. Həyat onu buna məcbur etmişdi. Orta məktəbdə əlaçı şagird olmasa da, tərbiyəsi, əxlaqı və ağlına görə seçilirdi. Bacı-qardaş söhbət edəndə deyərdi ki, mənim ölümüm yaddaşlarda qalacaq, elə belə də oldu. O şəhidliyi ilə adını tarixə, yaddaşlara həkk elədi...
Şəhidin bacısı deyir ki, gəlməyəcəyini bilsək də hər gün onun yolunu gözləyirik. Orduya könüllü yazılanda mənim elektron poçtumla qeydiyyatdan keçmişdi. Mən bunu sonradan öyrəndim. Onunla bərabər 34 könüllüdən xüsusi təyinatlılara qoşulmaq üçün 3 nəfər razılıq verib, onlardan biri Kamran olub. Ona deyiblər ki, evin tək oğlusan, anan səni gözləyir, bəlkə getməyəsən. Kamran isə fikrindən dönməyib və xüsusi təyinatlı kimi Şuşaya qalxıb. Sonuncu əlbəyaxa döyüşü dostunu xilas etməyə gedəndə olub. Şuşada 1553 metr yüksəkliyə qalxaraq ondan irəlidə olan dostu Səid Bayramovun nəşini götürməyə gedib. Bu zaman ermənilərlə qarşılaşıb, əlbəyaxa döyüşüblər, Kamran bu döyüşdə şəhid olub.
Bacısı deyir ki, Kamran tezliklə ailə qurmaq arzusunda idi. Deirdi ki,  Allah mənə 3 qız övladı versin, üçünə də anamın adını qoyacam. Qoy hər evdə anamın adını yaşatsınlar. Planları, arzuları çox idi. Müharibədən sonra başqa ölkəyə getmək, işləmək istəyirdi. İstəyirdi evimizi təmir etsin. Evimiz yeni olsa da təmirsiz idi. Amma qismət olmadı. Son dövrlər ibadətə meyilli idi, sanki harasa hazırlaşırdı...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Kamran balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər