Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. O, 2019-cu ildən Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq Vətənə xidmətə başlamışdı.
Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzulinin, Cəbrayılın, Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
15 oktyabr 2020-ci ildə Xocavənd döyüşləri zamanı Nərgiztəpə kompleksi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Uzun müddət koma vəziyyətində olan Azər Əliyev 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada şəhid olub.
Şəhidimiz 29 yanvar 2021-ci ildə doğulduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azər Əliyev ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun Nəzrin adlı qızı və ölümündən sonra dünyaya gələn Əli adlı oğlu Vətənə əmanətdir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD