18.01.2026, 15:31
AZ EN
22.12.2025, 09:24 217

“Canavar” ləqəbli qəhrəman Yusif Əhmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Yusif doğma Xocavənddən ayrılanda onun cəmi 4 yaşı vardı. Onlar Füzulinin Alxanlı kəndində məskunlaşmışdılar. Burada daim atəş səslərini duyan Yusif erkən yaşlarından düşməni tanımağa başladı. Hərbçi oldu, Həmlə taborunda kəşfiyyatçı idi. Kiçik çavuş Yusif Əhmədov Şanlı Vətən Müharibəsində şücaətlər göstərdi, igidliyi dillərdə dolaşdı, “Canavar” ləqəbini qazandı. Vətən müharibəsindən “Azərbaycan bayrağı” ordeni və başqa medallarla geri döndü, doğma torpağına qovuşdu. Amma iki il sonra Qarabağda aparılan antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhadətə ucaldı. Yusif son anda Xankəndidə ucalan bayrağımıza baxıb, - Canım sənə fəda olsun, dedi...  

Yusifin əkiz qardaşı Asif də Vətən müharibəsində mərdliklə vuruşdu. Sonra o qardaşı Yasinlə minaya düşdü. Asif ağır xəsarət aldı. Yasin isə düşmən təxribatının qurbanı oldu və şəhadətə qovuşdu....

Bu gün qəhrəman şəhidimiz, kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlunun doğum günüdür.  O, 22 dekabr 1989-cu ildə Xocavənd rayonunun Günəşli kəndində anadan olub. 1997-ci ildə Azər Quliyev adına tam orta məktəbdə birinci sinifə gedib, 2008-ci ildə orta təhsilini başa vurub. Elə həmin il hərbi xidmətə yollanıb, 2010-cu ildə xidmətini başa vurub. 2017-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb, N saylı hərbi hissədə - həmlə taborunda baş atıcı kimi xidmətə başlayıb. O, motoatıcı manqanın komandiri vəzifəsindən  hərbi hissənin kəşfiyyat manqasının kəşfiyyatçısına qədər yüksəlib. Yusif Əhmədov 44 Günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Əhmədov Yusif Ələsgər oğlu Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı 2023-cü il sentyabırın 19-da qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimizin 4 övladı Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər