23.12.2024, 19:02
AZ EN
23.12.2024, 14:56 245

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab

XƏBƏRLƏR
  • AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” seriyasından III kitab çapdan çıxıb.

Kitaba 2024-cü ildə Bakı şəhərinə, Tərtər və Yevlax rayonlarına təşkil olunmuş ezamiyyələr zamanı toplanılmış folklor örnəkləri daxil edilib. Kitab “Etnoqrafik mətnlər”, “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Dastanlar və aşıq rəvayətləri”, “İnanclar”, “Bayatılar”, “Tapmacalar”, “Atalar sözü və məsəllər” bölmələrindən ibarətdir. “Etnoqrafik mətnlər” bölməsində Qərbi Azərbaycan sakinlərindən yazıya alınmış materiallar əsasında bölgəyə xas Novruz bayramı, toy və yas adətləri, kirvəlik ənənəsi, Qərbi Azərbaycan mətbəxi və xalq təqviminin aydın mənzərəsi yaradılıb. “Xatirələr” bölməsində Qərbi Azərbaycan sakinlərinin başına gətirilən müsibətlər - 1905-1918-ci il qırğınları, 1948-1952-ci illər, 1988-1991-ci illər deportasiyaları haqqında məlumatlar verilib. Folklor materialları bölgə sakinlərinin öz dilindən verildiyi üçün həmin mətnlər Qərbi Azərbaycan şivələrini, onlarda gedən proseslərin öyrənilməsi üçün əvəzsiz mənbədir.

Hər bir folklor regional ənənələr daxilində yaranıb inkişaf edir. Müşahidələr göstərir ki, qərbi azərbaycanlıların məxsus olduqları coğrafi bölgədən ayrı düşməsi Qərbi Azərbaycan folklorunu yaradan və yaşadan etnoqrafik mühitlərin dağılmasına səbəb olub. Bu gün onlar Azərbaycanın dörd bir tərəfinə səpələnib, fərqli etnoqrafik bölgələrdə məskunlaşıblar. Məskunlaşdıqları bölgənin adət-ənənələri bəzən onların adət-ənənəsinə uyğun gəlmir, daban-dabana ziddiyyət təşkil edir. Bu da bölgəyə məxsus adət-ənənələrin unudulmasına, sıradan çıxmasına gətirib çıxarıb. Bütün bu əskikliklərə baxmayaraq, yaşlı nəslin hafizəsində hələ də Qərbi Azərbaycana məxsus folklor örnəklərinin (müqəddəs məkanlar, seyidlər, nəsil və tayfalar, tarixi şəxsiyyətlər haqqında təsəvvürlərin) qalması bizə bölgədə vaxtilə mövcud olmuş folklor mühitləri, onların fəaliyyəti haqqında müəyyən təsəvvür əldə etməyə kömək edir.

Kitab 416 səhifə həcmindədir və “Elm” nəşriyyatında işıq üzü görüb. Kitabın toplayıcısı və tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadə, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Qərbi Azərbaycan folkloru, mədəniyyəti, tarixi və dili ilə məşğul olan hər bir mütəxəssis bu  kitabdan mənbə kimi istifadə edə bilər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər