18.10.2024, 10:06
AZ EN
01.12.2023, 09:21 279

Qarabağda “gizli düşmən”lə mübarizə: adambaşına iki mina düşür

XƏBƏRLƏR

Məni yaşadanlar üçün yaşayıram

  • İşğaldan azad edilən doğma yurduna qayıdan azərbaycanlılar gizli düşmənlə qonşudu. Mina təhlükəsi bu insanların rəvan həyat yaşamasına mane olur. Ermənilər tərəfindən gizlədilən minalardan zərərçəkən insanların hekayəsini dinləyəndə anlayırsan ki, gizli düşmənlə mübarizə hələ davam edəcək.

Minadan zərərçəkən Tamam Cəfərova İTV-yə müsahibəsində deyir ki, tikmə-toxuma işləri ilə məşğul idim. Şeirlər də yazırdım. Yaralı təxəllüsünü də elə o zamandan, gənclik illərində götürmüşdüm.

Tale elə gətirdi ki, Tamam Cəfərova gənc yaşlarında mina qurbanı oldu. Vaxtilə özünə götürdüyü ləqəbi taleyinə çevrildi. O, deyir ki, Uşaq Birliyi Təşkilatının sədri işləyərkən elə həmin kənddə minaya düşmüşəm. Yaralananda ilk dəfə olaraq atamın ağladığını gördüm və o andan  qərar verdim ki, mən özüm üçün yox, artıq ətrafım üçün yaşamalıyam, məni yaşadanlar üçün yaşamalıyam.

Ölüm saçan tələlər qurbanını seçmir. Görünməz düşmən qadın, uşaq, yaşlı bilmədən hələ də canlar almağa davam edir.

Azərbaycan bu gün dünyada minalardan ən çox çirklənmiş ölkələrdən biridir. Ölkəmizin Qarabağ bölkəsində, xüsusilə də azad edilmiş ərazilərdə yüz minlərlə mina və partlamamış hərbi sursat var. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra  məcburi köçkünlərin doğma şəhər və kəndlərinə qayıtması üçün  ərazilərin mümkün qədər minalardan tez təmizlənməsi prioritet məsələlərdəndir. “Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac” mövzusunda təşkil edilən dəyirmi masada da  Ermənistan tərəfindən basdırılan minaların və Azərbaycan tərəfinə təqdim edilməyən mina xəritələrinin detalları müzakirə edilib.

Dennis Sammut “Links Europe” təşkilatının direktoru Dennis Links bildirib ki, beynəlxalq təşkilat olaraq ölkə ərazisində mina təhlükəsinin nə qədər böyük olduğunun fərqindəyik: “Müharibədən sonra işğaldan azad edilmiş ərazilərə getdik. Dağıntılar həqiqətən də insanı şoka salır. Bunu təsvir edəcək bir söz tapmıram. Hazırda həmin ərazilərin minalardan təmizlənməsi olduqca vacibdir. Buna yönəldilən səylər başa düşülməli və tanınmalı, onlara dəstək göstərilməlidir”.

Qarabağdakı minalanmış ərazilərdə adam başına iki mina düşür. Mina təhlükəsinin dədə-baba torpaqlarına qayıdan insanlara psixoloji təsiri var və bu təhlükənin aradan qaldırılması çox vaxt və vəsait aparan bir prosesdir. Azərbaycana bu missiyada ən böyük dəstəyi Böyük Britaniya göstərib. Həm mənəvi, həm maddi, həm də texniki baxımdan.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatları, ANAMA, Ombudsman Aparatı, hökumət nümayəndələri, minadan zərərçəkənlər, QHT-lər, ekspertlər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər