22.11.2024, 21:01
AZ EN
22.11.2024, 14:49 138

Polkovnik: Müdafiə xərclərinin artırılması Azərbaycanın təhlükəsizliyini daha etibarlı şəkildə təmin edəcək

XƏBƏRLƏR
  • 2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur.

Bu barədə müsahibə verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təqdir edib. O, bunu zəruri edən amillərə toxunaraq deyib: “Azərbaycanın müdafiə xərclərinin artırılması, hər şeydən əvvəl, dövlətimizin təhlükəsizliyi ilə bağlıdır. 2020-ci ilin payızında Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatsa da, erməni faşizminə ağır zərbə vurulsa da, ölkəmizə qarşı müəyyən təhdidlər davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında deyib ki, bu gün də Ermənistanla yanaşı, bəzi məkrli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlıdır. Bu məqsədlə də anti-Azərbaycan qüvvələr, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar. Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən hərbi texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüyünü göstərir. Çünki sülh istəyən dövlətin belə sürətlə silahlanması məntiqsizdir.

Aydındır ki, belə olan təqdirdə Azərbaycan da öz müdafiə xərclərini artırmaq və təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün hərbi baxımdan güclənməyə məcburdur. Çünki həm işğal dönəmi, həm də 44 günlük Vətən müharibə göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqla yanaşı, öz hərbi qüdrətinə etibar etməlidir. Ona görə də Azərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakı reallıqları nəzərə almaqla artırır, Silahlı Qüvvələrin peşəkarlığını və maddi-texniki təchizatını yüksəldir”.

Polkovnik daha sonra bildirib: “Bir məqamı da qeyd etməliyik ki, Azərbaycan dövləti müdafiə xərclərini artırmaqla yanaşı, sosial-iqtisadi layihələrini də genişləndirməkdə, xalqın rifahının yaxşılaşması istiqamətində mühüm layihələr həyata keçirməkdədir. Dövlətimizin imkanları müdafiə sektorunu gücləndirməklə yanaşı, iqtisadiyyatın sürətli inkişafını təmin etməyə, onu daha çox şaxələndirməyə imkan verir. Ermənistan isə iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olduğuna görə silahlanmanı daha çox xaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcəyi kreditlərin hesabına təmin etməyə çalışır. Fransa və bəzi dövlətlər isə müəyyən məqamlarda regionla bağlı öz maraqlarını təmin etmək üçün ona müəyyən silahları təmənnasız verir ki, bu da ermənipərəst dairələrin Cənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlər bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni darmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarilə Ermənistanın sonu ola bilər”. (AZƏRTAC)

Oxşar xəbərlər