Qardaşı Kamran söhbətində xəyalən 34 il arxada qalan həmin günlərə qayıdır: “Doğrudur, həmin vaxt hərbi xidmətdə olduğumdan hadisənin şahidi deyiləm. Amma evdə danışılanlardan, şahidlərin dediklərindən bu barədə çox eşitmişəm. Onun küçəyə çıxmasından az sonra böyük qardaşım Zahid də çıxıb, aralarında bir neçə dəqiqə fərq olub. Bir də görüb ki, bayırdan səs gəlir:
- Ay əmi, əsgərlər Şərafəddini güllə ilə vurdular, gəlin.
Onlar küçəyə, onun yanına çatanda təsadüfən həkimlər də gəlib çıxmışdılar. Onu müayinə edib ayağa duranda həkim başını bulayıb. O, artıq canını tapşırmışdı”.
Kamranın dediyinə görə, Şərafəddin şəhid olandan sonra onu ilk görənlərdən biri qonşuları Ədilə xala olub. Əvvəlcə onu təcili yardımla aparmaq istəyiblər, lakin onsuz da iş işdən keçmişdi. Aparmağın nə mənası vardı? Ona görə birbaşa evə gətiriblər.
“İnşaatçılar” metro stansiyasının yanından keçəndə üstündə bası kaskalı, əli avtomatlı əsgərlər olan beş tankın onlara doğru gəldiyini görüblər. Şərafəddin tez yaxınlıqdakı kolluğa uzanıb və tanklar keçib gediblər. Qəflətən axırıncı tank qayıdıb onun uzandığı kolluğa sarı gəlib. Kolluğa güllə açıb yenidən yoluna davam edib. Hadisə yerinə hamıdan tez Şərafəddinin dayısı özünü yetirib. Güllə onun düz başından dəyib...
Müzəffər kişi 8 övlad atası idi - dörd oğlan, dörd qız. Təəssüf ki, indi nə Müzəffər kişi, nə də onun böyük oğlu Zahid həyatda yoxdur. Kamran kövrək hisslərlə danışır. 84 yaşlı anası Balabacı, bacıları Zərnişan, Nargilə, Kifayət və Çimnaz gənc ikən dünyadan gedən Şərafəddinin itkisindən yanıb-yaxılırlar.
Yasamalda Mirzə Cabbar Məmmədzadə küçəsi... Metronun “İnşaatçılar” stansiyası bu küçənin bir addımlığındadır. Şərafəddin də sonuncu dəfə bu yolla gedib və... qayıtmayıb. Müzəffər kişinin sinəsinə oğul dağı çəkilib.
20 Yanvar şəhidi Şərafəddin Salahovun tərcümeyi-halı çox qısadır. 1963-cü ildə anadan olub. Şəhərdəki 13 nömrəli məktəbi bitirib, sürücülük məktəbində oxuyub. Əvvəlcə trikotaj fabrikində mexanik, sonra isə “Azərbaycan“ nəşriyyatında işləyib. Hələ ailə həyatı qurmamışdı. Məzarı Şəhidlər xiyabanındadır.
İndi ata ocağından ayrılaraq Sulutəpədə yaşayan Salahovlar ailəsinin kiçiyi Əlinin böyük oğlu əmisi Şərafəddinin adını daşıyır. Atalı-analı böyüsün! (AZƏRTAC)