Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məmmədli Cəmil Habil oğlunun doğum günüdür. O, 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.
2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanıb. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Cəmil Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Cəmil hələ hərbi xidmətdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi.
Cəmil sərrast atıcı kimi döyüşlərdə şücaətlər göstərdi. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə ucaldı.
Cəmil Məmmədli şəhadətindən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD