23.06.2025, 12:49
AZ EN
05.11.2024, 09:31 338

İmaməddin düşməni əlləri ilə parçalamaq istəyirdi...

XƏBƏRLƏR
  • İmaməddin sanki qəhrəmanlıq üçün doğulmuşdu. Onda nə qorxu, nə də həyəcan vardı. Onun tək amalı irəli getmək və düşməndən qisasımızı almaq idi. Döyüş yoldaşları deyirlər ki, İmaməddin qeyri-adi gücə malik idi, heç vaxt ruhdan düşməzdi. Yoldaşları ilə elə gözəl dil tapırdı ki, ondan ötrü canlarını verməyə hazır idilər. Elə Şuşa döyüşlərində də dostu onu görmədən geri qayıtmırdı, təhlükəni anlasa da dostunun həyatı onun üçün çox dəyərli idi. İmaməddin kəşfiyyat bölüyündə qumbaraatan idi. Amma o, yeri gələndə başqa silahlardan da istifadək edərək özünü irəli atırdı. Dostları deyirlər ki, onda elə bir güc, elə bir hiss vardı ki, düşməni əllləri ilə parçalamaq istəyirdi. Döyüşlərə Füzulidən başlayan igid Vətən oğlu Şuşada şəhadətə ucaldı...

Bu gün Vətən müharibəsi şəhidi, kiçik çavuş İmaməddin Əsgər oğlu Abdullazadənin anım günüdür. O, 1996-cı il avqustun 4-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətdə olarkən Aprel döyüşlərində mərdliklə vuruşaraq şücaətlər göstərib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İmaməddin Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

İmaməddin Abdullazadə noyabrın 5-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər