Dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri eləcə də tələbələrin iştirak edəcəyi konfrans çərçivəsində panel sessiya təşkil olunub. Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirə edilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat:
“Təəccüblü deyil ki, qadınlar lazımi su resurslarına çıxış hüququndan məhrumdurlar. Onlar həmçinin bu resursların istifadəsi, investisiyalar və bölüşdürülməsi ilə bağlı kritik qərarların verildiyi su idarəçiliyində az təmsil olunur ki, bu da onların daha da kənarda qalmasına səbəb olur. Qadınların su resurslarına bərabər çıxış və nəzarət etməsi üçün onların qərarvermə prosesində daxil edilməsi çox vacibdir”.
COP29-Azərbaycan üzrə baş icraçı direktor, AR energetika nazirinin müavini Elnur Soltanov:
“İqlim dəyişmələrinin fəsadlarının insanlara ötürülməsinin ən ciddi faktoru sudur. Okeanların, dənizlərin səviyyəsinin qalxması, şirin suların azalması, quraqlıq, sel və tufan kimi hadisələr su ilə əlaqəlidir. Hesablamalara görə fəsadların 90 faizi su vasitəsilə təbiətə transfer olunur”.
ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə:
“COP prosesinin ilk illərində danışıqlar əsasən, siyasətçilər arasında aparılırdı, amma son illərdə universitetlər, tədqiqat mərkəzləri, QHTlər, alimlər, COP prosesinə çox aktiv cəlb olunur ki, onlar siyatəsçilərlə bir yerdə bu problemləri həll etsinlər. Ümid edirəm ki, gələcəkdə də bir yerdə əməkdaşlıq edəcəyik, gənc nəsli bu işlərə cəlb edəcəyik və problemlərin həllinə bərabə nail ola biləcəyik”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova:
“Su ilə bağlı istər COP29 çərçivəsində, istərsə də ondan sonrakı dövrdə həm qanunvericilik sahəsində, həm də əhali ilə iş baxımından qarşımızda bir çox məsələlər dayanır. Əhali arasında maarifləndirmə işi aparılmalı, ölkədə ekologiya mədəniyyəti formalaşmalıdır”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov:
“Ailə təsərrüfatında sudan istifadənin əsas tənzimləyicisi olan qadınlar son illərdə dövlət qurumlarında, icmalarda, həmçinin müxtəlif sahələrdə daha aktiv iştirak edirlər. Məqsədimiz cinsiyyətindən asılı olmayaraq bütün vətəndaşların su ehtiyatlarından bərabər şəkildə faydalanmaq, onların idarə olunmasına töhfə vermək üçün onlara imkanlar yaratmaqdır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Bahar Muradova:
“COP29 çərçivəsində qəbul ediləcək qərarlar və yaşıl iqtisadiyyatın dəstəklənməsi istiqamətində atılacaq addımlar bütün dünyada suya çıxışın əlçatan olması və bu kontekstdə gender bərabərliyinin qorunması məsələsini önəmli edir. Qadınların su resurslarının idarə edilməsində və qərarların qəbulunda daha çox təmsil olunması isə bu sahədə müsbət nəticələrin əldə edilməsinə böyük töhfə verə bilər”.
Tahirə AĞAMİRZƏ