Əslən Ağdam rayonunun Papravənd kəndindən olan Adəm 2005-ci ildə Ağdam rayon 2 nömrəli tam orta məktəbinin 1-ci sinfinə qəbul olunub və 2016-cı ildə yaxşı qiymətlərlə bitirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini 2019-cu ildə başa çatdırıb. 15 iyul 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmətə başlayıb. Sonra manqa komandiri təyin olunub.
Adəm Əmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. 15 oktyabr 2020-ci ildə Ağdamda şəhadətə yüksəlib.
Ağdamın Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük bir izdihamla dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün şəhidimizlə bağlı valideynlərinin və doğmalarının xatirələrini dinləyirik. Bir atanın müharibədən əvvəl oğluna verdiyi öyüd-nəsihətin, xeyir-duanın şahidi oluruq. Oğlunu müharibəyə yola salan ata deyir: “Oğlum, əgər düşmən səni kürəyindən vursa, mənim oğlum deyilsən. Düşməni qəzəbinlə, silahınla, bütün varlığınla məhv elə. Bizim torpaqlarımızın, şəhidlərimizin, günahsız körpələrimizin heyfini onlarda qoyma!”
Anası isə deyir ki, Adəm elə bir oğul idi ki, düşmən heç vaxt onu kürəyindən vura bilməzdi. Çünki o, elə tərbiyə almışdı. Həm də illərlə bu günə, bu məqama özünü hazırlamışdı. Qardaşı danışdıqca kövrəlsə də, Adəm kimi Ağdam uğrunda döyüşlərə hazırlıq zamanı əlindən gələni edib. Özü də vuruşmağa hazır olub, ancaq nə qədər müraciət etsə də, qəbul edilməyib. Adəm cəbhəyə gedəndə ata-anasını, doğmalarını ona tapşırıb. Deyir ki, qardaşı həyatda ona çox şeyləri öyrədib. Adəm ona təkcə qardaş yox, həm də dost olub və doğru yolu göstərib…
Ruhun şad olsun, Vətən oğlu, sən həyatda ən uca məqama – Şəhidlik zirvəsinə ucaldın. Ana Vətən səni unutmayacaq!
Mina RƏŞİD