Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan qəhrəman şəhidimiz Rüstəmov Vüsal Rüstəm oğlunun bu gün anım günüdür. O, 1984-cü il may ayının 11-də Xaçmaz şəhərində dünyaya gəlib. Xaçmaz şəhəri 3 saylı orta məktəbdə təhsil aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və bu təhsil ocağını uğurla bitirib.
Xalqımızın igid oğlu Vüsal Rüstəmov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində mərdliklə savaşıb. O, 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Vüsal Rüstəmov müharibədə göstərdiyi şücaətlərə və torpaqlarımızın düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD