Bu fikirləri açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, folklorşünas Könül Həsənova bildirib.
Folklorşünas qeyd edib ki, odun üzərindən yeddi dəfə tullanmaq qədim inanclara görə insanın dərd-bəladan təmizlənməsini simvolizə edir. İnsanlar tonqalın üzərindən tullanarkən “Ağrım-uğrum, azarım-bezarım üstümdən burada qalsın”, “Ağırlığım od olsun, odda yanan yad olsun” kimi ifadələr deyirlər. Xəstələrin və körpələrin tonqalın üzərindən keçirilməsi onların sağlam, güclü və təhlükələrdən uzaq bir həyat sürməsi arzusu ilə əlaqələndirir.
Könül Həsənovanın sözlərinə görə, qədim inanclara görə oda baxmaq təkcə mərasim deyil, həm də gələcəyi öyrənməyin bir yolu sayılıb. Çərşənbələrdə bayram süfrəsinə ailə üzvlərinin sayı qədər şam düzülərdi. İnanışa görə, şamın yanma müddəti hər bir insanın ömrünü simvolizə edirdi: şam tez sönərsə, ömrün qısa, gec sönərsə uzun olacağı düşünülürdü. Qızların gəlin köçərkən özləri ilə çıraq aparması və ya toy günü çıraq ətrafında üç dəfə fırlanması da od-ocaqla bağlı qədim rituallardandır. Bu rituallar ailə ocağının daim işıqlı və bərəkətli olması arzusunu ifadə edir.
Folklorşünas bildirib ki, bəzi bölgələrdə Od çərşənbəsində yanan tonqalın külünü axar suya tökmək ənənəsi də mövcuddur. İnsanlar “kül odda yanar, dərd-bəla suda axar” deyərək bu mərasim vasitəsilə ruhlarının yenilənəcəyinə inanırdılar. Digər inanca görə isə tonqalın külü əkin sahələrinə və ağacların dibinə tökülərdi ki, torpaq bərəkətli olsun.
Qeyd edək ki, xalq arasında “Kül çərşənbəsi”, “Külə çərşənbə”, “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Xız çərşənbə” kimi müxtəlif adlarla tanınan Od çərşənbəsi insanların ruhən təmizlənməsini, arzuların Tanrıya çatmasını və yeni ilin işıq, bolluq və xoşbəxtliklə başlamasını simvolizə edən qədim ənənələrdən biridir. Yanan tonqalın hər qığılcımı keçmişin dərd-bəlasını külə çevirir, hər alovu isə sabaha olan ümidləri işıqlandırır. (AZƏRTAC)