18.01.2026, 06:47
AZ EN
16.01.2026, 15:19 223

Əfqan Vəliyev: Tədqiqat Qərbi Azərbaycanın qədim dövr tarixini və məskunlaşma prosesini əhatə edir

XƏBƏRLƏR
  • “Qərbi Azərbaycan sənəd və mənbələrdə” qədim Azərbaycan yurdu olan Qərbi Azərbaycanın tarixinə, həmin ərazinin maddi-mədəni irsinə və mədəniyyətinə həsr olunmuş tədqiqat əsəridir. Bu mövzu ilə bağlı indiyədək çoxsaylı nəşrlər işıq üzü görsə də, təqdim olunan araşdırmanın əsas fərqi geniş xarici mənbələr və arxiv materialları əsasında hazırlanmasıdır. Tədqiqatda Rusiya, Gürcüstan, Türkiyə, İran, Amerika və bir sıra Avropa ölkələrinin, xüsusilə İngiltərə və Fransa arxivlərində saxlanılan sənədlərdən istifadə edilib. Həmçinin Osmanlı dövrünə aid müfəssəl məxəzlər, Çar Rusiyası dövrünün arxiv sənədləri və digər tarixi materiallar araşdırmaya cəlb olunub.

Bu fikirləri açıqlamasında “Qərbi Azərbaycan sənəd və mənbələrdə” kitabının müəllifi, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev bildirib.

Onun sözlərinə görə, tədqiqatda Qərbi Azərbaycanın qədim dövr tarixi, azərbaycanlıların bu ərazilərdə məskunlaşması, eləcə də bölgənin ən qədim sakinləri haqqında geniş məlumat təqdim olunur. Müəllif qeyd edib ki, müxtəlif tarixi mərhələlərdə ərazidə formalaşmış zəngin maddi-mədəni irs nümunələri bölgənin əzəli sakinlərinin azərbaycanlılar olduğunu təsdiqləyən mühüm tarixi-mədəni dəlillər kimi dəyərləndirilir. Eyni zamanda vurğulanır ki, sonrakı dövrlərdə bəzi abidələrin mənşəyi saxta yazı lövhələri yerləşdirilməklə təhrif edilib və onlar erməniləşdirilmiş şəkildə təqdim olunub.

Müəllif bildirib ki, araşdırmada XIX əsrin sonu – XX əsrin əvvəllərində aparılmış elmi tədqiqatlara da istinad edilir: “Xüsusilə 1893–1896-cı illərdə İvanovskinin, 1910–1911-ci illərdə isə Markovun Göyçə gölü ətrafında apardığı tədqiqatların nəticələri bölgənin tarixi mənzərəsinə işıq salır. Həmçinin Petrovskinin Qərbi Azərbaycan ərazisində kurqanlar və qalalarda apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən maddi nümunələr, yazılı lövhələr və tapıntılar burada müxtəlif dövrlərdə oturaq həyat sürən şəhərli tayfaların, azərbaycanlıların yaşadığını göstərən faktlar kimi təqdim olunur”.

Ə.Vəliyev vurğulayıb ki, ərazidə müxtəlif dövrlərə aid abidələrin, yazılı materialların, eləcə də insanların həyat tərzi, məişəti və sosial münasibətləri haqqında məlumat verən sənədlərin mövcudluğu tədqiqatda ayrıca qeyd edilib. Onun sözlərinə görə, həmin dövrlərdə bölgəyə səfər edən şəxslərin qeydlərində və elmi-tədqiqat əsərlərində də bu ərazi ilə bağlı faktlar yer alır.

Müsahibimiz əlavə edib ki, tədqiqatda İrəvan xanlığının bölgənin legitim siyasi qurumu kimi mövcudluğu da geniş şəkildə təqdim olunur: “Qeyd edilir ki, İrəvan xanlığı xarici dövlətlərlə nümayəndəliklər vasitəsilə diplomatik münasibətlər qurub, əraziyə səfər edən dövlət nümayəndələri İrəvan xanı ilə görüşərək onu bölgənin səlahiyyətli tərəfi kimi qəbul ediblər. Həmçinin xanlığın müəyyən tarixi mərhələlərdə Çar Rusiyasına qarşı aparılan mübarizədə iştirak etməsi, daha sonra mürəkkəb siyasi şəraitə baxmayaraq xanlığın qorunması istiqamətində göstərilən səylər də araşdırmada əksini tapıb”.

Bununla yanaşı, araşdırmada İrəvan xanlığının digər siyasi birliklərin tərkibində olmayan, müstəqil idarəetmə atributlarına malik dövlət qurumu kimi fəaliyyət göstərdiyi vurğulanır. Xanlığın büdcəsinin, ordusunun, idarəçilik sisteminin və dövlət atributlarının mövcudluğu tarixi mənbələr əsasında əsaslandırılır. (AZƏRTAC)

Oxşar xəbərlər