Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb, 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.
Onun uşaqlıq və gənclik illəri Azərbaycanın mürəkkəb tarixi dövrlərinə təsadüf etmiş, bu da onun gələcək əsərlərində torpaq, vətən və kökə bağlılıq mövzularının əsas xətt olmasına səbəb olmuşdur.
Mətbuatda, televiziya və kino sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub. Şüvəlan yaradıcılıq evinin direktoru işləyib.
Fərman Kərimzadəni oxuculara sevdirən onun tarixi həqiqətləri bədii boyalarla birləşdirmək bacarığıdır. O, Azərbaycanın dövlətçilik tarixini və böyük şəxsiyyətlərini geniş kütlələrə tanıtmışdır.
Yazıçı "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Fərman Kərimzadə "Qarlı aşırım" romanını yazanda cəmi 27 yaşı var idi. O zaman hissə-hissə "Ulduz" jurnalında çap olunan roman ilk dəfə 1971-ci ildə kitab halında çap olunmuşdur. Bu roman əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə “Axırıncı aşırım” bədii filmi çəkilmişdir.
"Qarlı aşırım" romanına qədər yazıçının bir neçə əsəri çap olunmuşdu. Həmin əsərlərin hər biri gənc yazıçıya böyük uğur və oxucu məhəbbəti gətirmişdi. Təsadüfi deyildir ki, Fərman Kərimzadə 30 yaşında artıq SSRİ Yazıçılar İttifaqının üzvü idi.
O, Azərbaycan ədəbiyyatı və mədəniyyətində yaratdığı dəyərli irslə yadda qalmış sənətkarlardandır. Bu gün Fərman Kərimzadənin doğum günüdür. Rəhmətlə anırıq...
Sevda SÜLEYMANOVA